Həbsdən çıxan kişi həmkəndlisini niyə öldürdü?

 Həbsdən çıxan kişi həmkəndlisini niyə öldürdü?

Cəlilabad rayonunda 1976-cı il təvəllüdlü Akif Heydərov həmkəndlisi, 1999-cu il təvəllüdlü Vüsal Əliyevi öldürüb. 

Asayis.Az-ın məlumatına görə, Akif 4 dekabr 2021-ci ildə, saat 15 radələrində Cəlilabad rayonu, Sabirabad kəndində yaşadığı evin qarşısında, küçədə sərxoş vəziyyətdə ucadan ünvansız nalayiq sözlər deməsinə görə qonşusu Vüsalın ona irad tutmasını özü üçün qəbuledilməz hesab edib. O, yaranmış mübahisə zamanı Vüsala qəsdən ağır bədən xəsarəti yetirmək qərarına gəlib. 

Bu məqsədlə Akif yaşadığı evə gedərək oradan zavod üsulu ilə hazırlanmış mətbəx bıçağını götürüb və küçədə dayanmış Vüsal Əliyevin yanına gəlib. O, Vüsala ona qarşı düz hərəkət etmədiyini bildirib. 

Həmin vaxt aralarında yenidən baş vermiş mübahisə zamanı əlbəyaxa olaraq dalaşdığı Vüsal Əliyev onu itələyərək yerə yıxıb, təpiklə vurub. Bu vaxt Akif yerdə olarkən bıçaqla Vüsal Əliyevin sağ bud nahiyəsinə bir dəfə vurub. Vüsal Əliyev yaxınlarının köməkliyi ilə xəstəxanaya çatdırılıb. İlkin tibbi yardımlara baxmayaraq sağ bud arteriyasının zədələnməsi nəticəsində əmələ gəlmiş qanitirmədən Vüsal ölüb. 

Hadisəni törədən Akifin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Akif ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, dekabrın 4-də, saat təxminən 12 radələrində yaşadığı evdə 250 qram araq içib yemək yeyib: “Sonra da qonşuluqda yaşayan qardaşım Arifgilə getdim. Orada da qardaşım ilə yemək yeyib 350 qram araq içdim. Sonra qardaşımın həyətində it balası gördüm və onu saxlamaq məqsədilə yaşadığım evə apararkən, həmkəndlimiz Vüsalın dayısı Xanbalanın öz həyətində Raqiflə çay içdikdlərini gördüm. Həbsdən azad olduqdan sonra Raqifdən borca toxumluq kartof istədim. Lakin, Raqif  kartof vermədiyindən ondan incik qalmışdım. Ona görə də Raqifin ünvanına nalayiq söyüşlər söydüm. Qonşu Vüsal bu hərəkətimə görə, mənə iradını bildirdiyindən aralarında mübahisəmiz yarandı və dalaşdıq. Həmin vaxt Vüsal mənim sinəmdən yumruqla vurdu. Mən yerə yıxıldım”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, Vüsala xəsarət yetirmək qərarına gəlib: “Ona görə də yaşadığım evə gedərək, evdən bıçaq götürdüm və küçədə dayanmış Vüsalın yanına gəldim. Mənə qarşı düz hərəkət etmədiyini bildirdim. Həmin vaxt aramızda yenidən baş vermiş mübahisə zamanı əlbəyaxa olaraq dalaşdıq. Vüsal məni itələyərək yerə yıxdı, təpiklə vurdu. Vüsala gücüm çatmadığını gördüm və bıçaqla onun sağ bud nahiyəsinə bir dəfə vuraraq xəsarət yetirdim. Sonra da hadisə yerində çıxaraq Cəlilabad rayon polis şöbəsinə getdim. Polisə təslim oldum”. 

Təqsirləndirilən şəxs ifadəsində daha sonra göstərib ki, Vüsalı vurduqdan sonra onu evinə tərəf aparmayıb, nə də ki, əlində olan bıçağı onun boğazına dirəməyib və onun qohumlarına yaxın gələrlərsə, onu öldürəcəyini deməyib. 

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Akif 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. 

 

Demokrat.az

13:55 - 4 Avqust 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin