Astara rayonunda 1982-ci il təvəllüdlü Vüsalə ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Əbdülə (adlar şərti verilib – red.) xəsarət yetirib.
Asayis.Az-ın məlumatına görə, hadisə bu ilin yanvarın 29-da baş verib.
Vüsalə fərdi yaşayış evində əri Əbdül ilə aralarında ailədaxili münasibətlər zəminində yaranmış mübahisə zamanı əli ilə onu itələyərək yerə yıxıb.
Daha sonra taxta stul ilə ərinin ayaq nahiyəsinə vuraraq, ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.
Hadisəni törədən Vüsalənin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Vüsalə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, ailəlidir, iki övladı var, Astara rayonunda orta məkrəblərdən birində müəllim işləyir.
Təqsirləndirilən şəxs qeyd edib ki, zərərçəkmiş Əbdül onun əridir: “Yanvarın 29-da, saat 17 radələrində yaşadığımız evdə olan zaman ərim sərxoş vəziyyətdə evə gəldi. Buna görə də aramızda mübahisə yarandı. Həmin vaxt əsəbləşərək Əbdülü əlim ilə itələyərək yerə yıxdım. Sonra yerdə olan stul ilə onun ayaq və bədəninin müxtəlif nahiyələrinə vuraraq onu döydüm”.
Zərərçəkmiş Əbdülün sözlərinə görə, həyat yoldaşı Vüsalə tərəfindən döyülməsi ilə bağlı polisə şikayət edib. O bildirib ki, hazırda həyat yoldaşı ilə barışıb, ona qarşı şikayəti yoxdur.
Bu cinayət işinə Astara rayon Məhkəməsində baxılıb.
Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb.
Bu səbəbdən Vüsalənin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad olunub.
Demokrat.az