“Azərişıq” ASC Hacıqabulda yenidənqurma işlərini davam etdirir.
Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına əsasən “Azərişıq” ASC bölgələrdə elektrik şəbəkələrinin yenidən qurulması, əhalinin fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təmin olunması yönündə işlərini davam etdirir. Hacıqabul rayonu Abdulabad, Rəncbər və Qubalıbaloğlan kəndlərində ötən əsrin 60-70-ci illərində qurulmuş şəbəkə keyfiyyətini itirmişdi. Küləkli və yağışlı havada elektrik enerjisinin verilməsində yaranan məcburi fasilələr sakinlər üçün çətinlik yaradırdı.
Asayis.Az xəbər verir ki, Hacıqabul rayonunda aparılan işlər çərçivəsində Abdulabad kəndində elektrik şəbəkə tamamilə yenidən qurulur. Kənddə 20 ədəd müasir tipli KTM-nin quraşdırılması nəzərdə tutulub. Eyni zamanda 16 km 10 kV-luq hava və 63 km 0.4 kV-luq sip kabel xətləri çəkilir.
Paralel olaraq Rəncbər və Qubalıbaloğlan kəndlərində də elektrik enerjisi təchizatının yenidən qurulması yönündə lazımi işlər görülür. Kəndlərdə 35 ədəd müasir tipli KTM quraşdırılır, 36 km 10 kV-luq hava və 107 km 0.4 kV-luq sip kabel xətləri çəkilir, 0.4 və 10 kV-luq yeni dəmir dayaqlar basdırılır. İşlər yekunlaşdıqdan sonra ümumilikdə 2500-ə yaxın abonent dayanıqlı və fasiləsiz ekeltrik enerjisi ilə təmin olunacaq.
Qeyd edək ki, “Azərişıq” ASC bütün regionlarda yenidənqurma işlərini davam etdirir. Layihə 100-dən artıq kəndi əhatə edir.