İsmayıllıda arvadını döyən kişi ilə bağlı QƏRAR

 İsmayıllıda arvadını döyən kişi ilə bağlı QƏRAR

İsmayıllı rayonunda 1985-ci il təvəllüdlü Məmməd ailə münaqişəsi zəminində yaranan münaqişə zamanı həyat yoldaşı Zəminəyə (adlar şərti verilib – red.) xəsarət yetirib. 
Asayis.Az-ın məlumatına görə, hadisə bu ilin iyunun 23-də baş verib. 

Məmmədin barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci (döymə) maddəsi ilə ittiham elan edilib. 

Təqsirləndirilən şəxs qismində ifadə verən Məmməd bildirib ki, iyunun 23-də yaşadığı evdə olarkən arvadı Zəminə ilə aralarında mübahisə yaranıb: 

“Mübahisə zamanı Zəminənin belindən itələdim. Zəminə yerə yıxıldı. Ümumiyyətlə arvadım məni ər kimi saymır, istədiyi vaxt evdən çıxıb gedir və mənə bu barədə məlumat vermir. Bu səbəbdən tez-tez aramızda mübahisələrimiz olur”.

Təqsirləndirilən şəxs qeyd edib ki, ailəsini bütün tələbatını ödəyir, hətta Zəminəyə gözəllik salonu belə açıb, buna baxmayaraq Zəminəm onu saymır. 

Məmməd törətdiyi əməldən peşman olduğunu deyib.

Zərərçəkmiş Zəminənin sözlərinə görə, əri Məmməd mütəmadi olaraq spirtli içki qəbul edərək evdə söz söhbət yaradıb: 

“Sonuncu dəfə iyunun 23-də yaşadığımız evdə olarkən Məmməd evə sərxoş vəziyyətdə gəldi. Mənimlə yersiz mübahisə etməyə başladı. Mübahisə zamanı Məmməd kürəyimdən itələdi. Mən yerə yıxılaraq xəsarət aldım”.

İsmayıllı rayon Məhkəməsinin qərarı ilə Məmməd 350 manat məbləğində cərimə olunub.


Demokrat.az

11:08 - 28 İyul 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin