Gəncə şəhərində 1983-cü il təvəllüdlü Rauf ailə münaqişəsi zəminində həyat yoldaşı Xalidəyə (adlar şərti verilib – red.) xəsarət yetirib.
Asayis.Az-ın məlumatına görə, Rauf yaşadığı evində arvadı Xalidə ilə şəxsi münasibət zəminində mübahisə edib.
Aralarında baş vermiş mübahisə zamanı Xalidənin burnundan əli ilə, bud nahiyyələrindən evdə olan tozsovuranın metal borusu ilə zərbələr vurub.
Hadisəni törədən Raufun barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Rauf ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.
O bildirib ki, 2009-cu ildə rəsmi olaraq Xalidə ilə evləniblər:
“Evliliyimizdən 3 övladımız olub. Evli olduğumuz müddətdə Xalidə ilə mehriban yaşamışıq. Son dövlərdə aramızda anlaşılmazlıqlar olub. Xalidə hər gün öz-özünə əsassız narazılıqlar edib”.
Təqsirləndirilən şəxs qeyd edib ki, hadisədən əvvəlki gün, günorta vaxtı Xalidə anasının evində təmir işləri getməsini, bununla bağlı həmin evə hansısa bir əşya almaq istəməsini bildirib:
“İlkin olaraq Xalidəyə 10 manat verdim. Xalidə narazılıq etdiyi üçün 20 manat verdim. Xalidə pulu götürmədi və narazı halda öz-özünə danışdı. Buna görə aramızda sözlə mübahisə yarandı. Yaşadığımız evdən getdim. Axşam yenə də yaşadığımız evdə sözlə mübahisələrimiz oldu və dəhlizdə olan divanda yatdım”.
Təqsirləndirilən şəxs bildirib ki, növbəti gün, səhər saatlarında yaşadıqları ünvanda olub:
“Yataq otağında uzanmışdım. Azyaşlı oğlum termometri sındırdı. Həmin zaman Xalidənin azyaşlı oğluma qışqırmasını eşitdim. Lakin əsəblərimi cilovlayıb cavab verə bilmədim. Bundan sonra Xalidə yataq otağında tozsovuranı götürərək evin dəhlizini təmizlədi. Qızım isə oğlumu anasının yaşadığı evə aparıbdı. Xalidə dəhlizi tozsovuran ilə təmizlədikdən sonra tozsovuranı yataq otağına qoyaraq mətbəxə keçdi. Yataq otağındakı tozsovuranın metal borusunu çıxardım və mətbəxə keçdim. Xalidənin sağ baldır nahiyyəsinə qəsdən zərbə ilə vurdum və yataq otağına qayıtdım”.
Rauf deyib ki, daha sonra Xalidədə yataq otağına gəlib:
“Bir dəfə də yataq otağında Xalidənin sol qol nahiyyəsinə dəmir boru ilə vurdum. Xalidə əlində olan dəmir borunu alaraq yataq otağındakı şkafin arxasına atdı. Sakitləşmədiyim üçün yumruq və əl zərbələri Xalidənin bədənin müxtəlif yerlərinə zərbələr vurdumr. Bundan sonra Xalidə sol qolu ilə üzünü tutduğu üçün onun sol qolundan hər iki əlim ilə tutaraq sıxdım. Həmin zaman Xalidə yanımdan qaçaraq getdi. Mən də əsəblərimi sakitləşdirmək üçün evdən getdim”.
İş üzrə zərərçəkmiş Xalidənin sözlərinə görə, son dövlərdə əri Rauf ilə mübahisələri olub, mübahisələrinə əsas səbəb maddiyat və Raufun spirtli içki qəbul etməsi olub:
“Buna görə də aramızda son 2-3 gündür ki, mübahisələr yaranırıb. Özüm işləmirəm, ərim isə qazandığı puldan evə gətirmir. Rauf yaşadığımız evə gəldi. Mənə 10 manat verdi. Ona bildirdim ki, 10 manatı hansı borca verim. Həmin 10 manatı götürmədim. Narazı şəkildə öz-özümə danışdım. 10 manatı geri qaytardım. Rauf yenidən 20 manat verdi. Həmin 20 manat pulu da Raufun telefonun yanına qoydum. Həmin zaman Rauf əsəbi oldu. Aqresiv cavablar verdi və evdən çıxaraq getdi. Mən özüm də evdən getdim. Axşam saatlarında yaşadığımız evə gələn zaman Raufun yaşadığımız evdə olmasını gördüm.Evdə olan zaman Rauf yenə də mənə qarşı aqresiv oldu”.
Zərərçəkmiş qeyd edib ki, növbəti gün, saat 11 radələrində yaşadıqları ünvanda olublar:
“Lakin bir-birimizi danışdırmadıq. Rauf yenə də aqresiv şəkildə barəmdə ifadələr işlədirdi. Lakin ona cavab vermədim. 2 yaşlı azyaşlı oğlum evdə olan termometri sındırdığı üçün 13 yaşlı qızım onu evdən çıxarmasını, oğlumun zəhərlənə biləcəyini bildirdim. Qızım oğlumu qonşu evdə yaşayan qayınanamın evinə apardı. Rauf isə evdə uzanmışdı. Tozvuranı işə salaraq termometrin sındığı yeri təmizlədim.
Daha sonra tozsovuranı söndürdüm və yataq otağında yerinə qoydum. Evdə divanda əyləşdim. Təxminən 5 dəqiqə sonra Rauf əlində tozsovuranın dəmir borusu ilə üzərimə gəldi. Tozsovuranın dəmir borusu ilə sağ ayağımın bud nahiyyəsinə zərbə ilə vurdu. Tenidən yataq otağına getdi. Üzərimdə olan paltarı dəyişib yaxınlıqda yaşayan qayınanamı çağırmaq istədim. Həmin zaman Rauf tozsovuranın dəmir borusu ilə sol bazu nahiyyəmə vurdu. Həmin borunu Raufun əlindən alaraq şkafın arxasına atdım. Rauf daha da əsəbləşdi, yumruq və əl zərbələri ilə üz nahiyyəmə, bədənimin müxtəlif nahiyyələrinə qəsdən zərbələr vurdu”.
Bu cinayət işinə Gəncə şəhər Məhkəməsində baxılıb.
Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb.
Bu səbəbdən Raufun barəsində olan cinayət təqibinə xitam verilib.
O, cinayət məsuliyyətindən azad edilib.
Demokrat.az