Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Ağdam-Hindarx-Ağcabədi avtomobil yolunu yenidən qurur.
Asayis.az agentliyə istinadən xəbər verir ki, respublika əhəmiyyətli avtomobil yolunun 0-21-ci km hissəsində torpaq işləri artıq yekunlaşıb.
Belə ki, xüsusi texnikalardan istifadə olunmaqla yararsız qrunt qazılaraq çıxarılıb, hissə üzrə suötürücü boruların quraşdırılması həyata keçirilib. Hazırda bu hissədə hamarlayıcı layın tikintisi işləri görülür.
Yeni inşa edilən yolboyu layihəyə uyğun suların ötürülməsini təmin etmək məqsədilə müxtəlif diametrlərə malik dairəvi boru, düzbucaqlı su keçidlərinin və alt keçidlərin, həmçinin 3 avtomobil körpüsünün inşası aparılacaq.
Yolun 0-8-ci kilometrləri arasında tikinti ərazisinə cəlb olunmuş xüsusi texnikaların çevik hərəkətinin təmin olunması məqsədi ilə yolun minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi işləri də yerinə yetirilir.
Xatırladaq ki, 45 km uzunluğa malik Ağdam-Hindarx-Ağcabədi avtomobil yolu Ağdam və Ağcabədi rayonlarını birləşdirməklə həmin rayonların 20-dən artıq yaşayış məntəqəsini əhatə edir. II texniki dərəcəyə uyğun yenidən qurulan yolun torpaq yatağının eni 15, hərəkət hissəsinin eni 2 zolaqdan ibarət olmaqla 2x3,75=7,5 metr təşkil edəcək.