Hamının “dayı” dediyi qadın - “İlk qazancım yeddi “məmməd” olmuşdu”

 Hamının “dayı” dediyi qadın - “İlk qazancım yeddi “məmməd” olmuşdu”

Qadın böyük qüvvədir. Hələ də bu fikirlə razılaşmayan olsa da, ağıllı qadınların həyat mübarizəsi bu fikrin nə qədər doğru olduğunu bütün dövrlərdə layiqincə sübut edib. Elə Zaqatalada yaşayan şəhid anası Züleyxa Davudova kimi. Züleyxa Davudova Zaqatalada ilk maşın sürən qadındır.  Həyat Züleyxa xanım üçün heç asan olmayıb. Bir övladını 7 aylığında itirən, digər övladını şəhid verən ananın təkbaşına verdiyi həyat mübarizəsi isə Zaqatalada hər kəsin dillər əzbəri olub.

 

Oxu.Az Zaqatalada hər kəsin “dayı” deyərək xitab etdiyi, ilk taksi sürən qadın kimi tanınan 74 yaşlı Züleyxa Davudova ilə müsahibəni təqdim edir:

 

- Züleyxa xanım, bir az sizi tanıyaq. Elə Zaqataladansınız, yoxsa necə?

 

- Bilirsiniz, mən çox kasıb ailədə böyümüşəm. Əslim Zaqatalanın Tala kəndindəndir. Aşağı Tala kəndinə gəlin gəlmişəm. İnanın ki, özümüzün əyri dayanan bir ata evimiz var idi. Hər yatıb-duranda deyirdik ki, sabah yəqin uçacaq. Üstünün bircə suvağı var idi. Buna baxmayaraq, mən uşaqlıq illərimi çox gözəl keçirmişəm. Pul olmayıb, amma xoşbəxt olmuşuq. İki qardaş, üç bacı olmuşuq. Qardaşım məndən böyük olub, amma heç vaxt mənə qadağa qoymayıb. Məktəbdə oxuyanda dostlarım oğlanlar olub, gecə saat 12-yə qədər küçədə oynamışıq, gəzmişik. O vaxt ailələrdə etibar var idi, insanlarda düzgün əqidə var idi.

 

- İndi siz necə, sizə yaradılan azadlığı nəvələrinizə yaradırsınız?

 

- Xeyr, qətiyyən. Dövr çox dəyişib, bu gün çox qorxulu cəmiyyətdə yaşayırıq. Mən qız nəvəmi küçəyə tək qoya bilmirəm. Nəvəm Bakıda oxuyanda zəng edib harada olduğunu soruşurdum. Deyirdi kitabxanadayam, tələb edirdim ki, şəklini çək at. İnsanlara güvən yoxdur, heç kim heç kimi tanımır. İndi uşaqlara ciddi nəzarət etmək lazımdır.

 

- Züleyxa xanım, qızlar uşaq yaşlarında daha çox kukla oynadır, böyüyəndə də müəllimə olmaq istəyirlər. Necə oldu sizdə belə maşın sevdası yarandı?

 

- Hə, maşına həvəsim var idi. Maşın sürməyi 9-cu sinifdə oxuyanda öyrənmişəm. Həyat yoldaşım Əli Davudov olub. O, mənim maşına olan marağımı, istəyimi görürdü. Onun köməyi ilə sürücülük vəsiqəsi aldım. Hətta ilk maşınımı da rəhmətlik həyat yoldaşım alıb. İnanırsınız, o vaxt bu maşının nə vaxtsa həyatımda mənim dayaq nöqtəm olacağı ağlıma gəlməzdi. Amma ərimin mənə miras qoyduğu bu maşın bu günə qədər mənim “sağ əlim” oldu desəm lap yerinə düşər. Mən bir az tənbəllik etsəm də, Əli məni məcbur edirdi. Hara gedirdi yanında aparırdı, deyirdi ki, “otur, sür, peşəkar öyrən”. Maşınla bağlı problem olanda mənə heç nə deməzdi. Aparıb təmir etdirib, gətirərdi.

 

- Bildiyim qədər yoldaşınızı maşın vurmuşdu, elədir?

 

- Yoldaşım özü sürücü olub. Bir gün onu maşın vurdu, ağır yaralandı. Vuran adam da qaçmışdı. Onu özüm axtarıb tapmışdım, qohumumuz çıxmışdı. Bu günə qədər də onlarla danışmıram. Yoldaşımı uzun müddət müalicə etdirdim, zülmlər çəkdim. Bakıya apardım, 12 professor toplaşıb yoldaşımın əməliyyatına qərar verdi.

 

Müalicədən sonra yoldaşım yenə işləmək üçün maşın istədi. Mənim həyatım təsadüflərdən ibarətdir. O vaxt bizim rayondan deputatlığa namizədlik verən bir nəfər seçildi. O adama səs verən vətəndaşlardan biri də mən idim. Ondan yoldaşım üçün kömək istədim. Mənə köməklik göstərdi, sağ olsun. Bakıdan əvvəlcə ZiL-130 istədi, sonra QAZ-53 markalı avtomobil istədiyini dedi. Aldıq, sənədləşdirdik, gətirdik. Bakıdan Zaqatalaya qədər maşını özüm sürmüşəm.

 

O aldığımız maşınla 165 gün sürücülük elədi. Ayağı sınmışdı deyə, bir müddət sonra ayağında tormozlanma gedir. Biz o maşını 1983-cü ildə 500 rus rubluna satdıq. Yenə ayağının müalicəsinə xərclədik. 1985-ci ildə isə özü mənə maşın aldı və mənə dedi ki, “məni sən ayağa qaldırdın”. O hədiyyə maşın mənim çox ağır günlərimə şahidlik edib.

 

- Ağır günlər deyərkən, nəyi nəzərdə tutursunuz?

 

- 1993-cü ildə oğlum Azad Davudov Ağdamın Şelli kəndində şəhid olub. Onun xəbəri gələndə ayaqlarım yerdən üzüldü. Ağdama gedib oğlumun nəşini bu maşınla Zaqatalaya gətirmişəm. Oğlum 19 yaşında şəhidlik zirvəsinə ucaldı. Ana üçün övlad dərdi başqadır. Üstəlik mən dörd övladımdan ikisini itirmişəm. Azaddan başqa bir övladım da 7 aylıq ikən dünyasını dəyişib.

 

- Bu gün sürdüyünüz maşın 1985-ci ildən sizdədir?

 

- Bəli, yoldaşımın hədiyyəsidir. Qırmızı rəngli VAZ-2106 markalı 62-BC-053 dövlət nömrə nişanlı avtomobildir. Yoldaşım özü sürücü olub. İlk vaxtlar onun avtomobillərini sürürdüm. Mənə maşın alandan sonra ölüm ayağında mənə bu maşını satmamağı vəsiyyət elədi. 

 

- Züleyxa xanım heç bir yerdən dəstəyiniz olmadan necə ayaqda qaldınız?

 

- Mən rus dili müəlliməsiyəm, məktəbdə çalışırdım. Qızım eşitmə və danışma məhdudiyyətlidir. Ona da mən baxıram. Dolanışığımızı təmin etmək çox çətin idi. Bir gün 13 “şirvan” çörəyə borcum olurdu. Bir gün işıqlar kəsilirdi, qaz olmurdu. Qalırdım çarəsiz. Maaş haradan gəlib, haraya gedirdi bilmirdim. Gənc yaşlarımdan müxtəlif dövlət idarələrində çalışmışam. Mən heç vaxt işdən qorxmamışam. Zaqatalada 14 il bir qadının dərzisi olmuşam. Bütün nəsli-kökü araşdırıb sonra məni o işə götürmüşdülər. Dərzi kimi də gecələr paltar tikirdim. Ailənin yükü mənim çiyinlərimdə olub. 30-dan çox Quran xətm eləmişəm. Allahdan razıyam. Göz yaşları içərisində gülə bilirəm.

 

Yaxın zamanlarda insult keçirdim. Amma Allaha şükür ki, əldən-ayaqdan düşmədim. Həyatda çox əziyyət çəkmişəm, amma bu günümüzə də şükür etməyi bilmişəm.

 

- Bəs necə oldu taksi sürməyə başladınız?

 

- Rayonumuzda qadınlar arasında bir çox ilklər mənim adımla bağlıdır. Zaqatalada ilk taksi sürən qadın mən olmuşam. Bunu da çarəsizlikdən etmişəm. O vaxt müharibə dövrü idi. Çörək ala bilmirdik. Maaş olsa da, vaxtlı vaxtında verilmirdi. Ona görə də qocaman bir müəllimimiz var idi, mənə tövsiyə elədi ki, maşının var, taksi sürməyə başla. Mən birinci razılaşmadım. Amma yoldaşımın müalicəsi ərəfəsində çox xərcimiz çıxmışdı, imkanımız dəhşət məhdud idi. Elə özü də razılıq verdi ki, işləyə bilərsən. Mən yoldaşımın sağlığında taksi sürməyə başlamışam.

 

O vəfat etdikdən sonra isə hər şey daha da ağırlaşdı. Yaxşı ki, sağlığında mənə etibar edib, dəstək olmuşdu. Ona görə məcbur olub taksi sürməyə davam etdim. O dövrdə çox ağlamışam, ətrafdan deyilən sözlərdən çox qəlbim qırılıb, bəzən özümü müdafiə edə bilməmişəm. Qadın 2 uşaqla taksi sürür, hamı qəribə baxırdı. Uşaqlardan xəbərsiz evdən çıxdım, bir-iki saat dolaşmağa başladım.

 

- Taksi sürücüsü kimi ilk qazancınız nə qədər olub?

 

- İndiki kimi yadımdadır, 7 “məmməd” qazandım. O vaxt onu aparıb çörək mağazasına borcumuzu bağlamışdım. Şəhərdən kəndə, kənddən şəhərə gedən adamları aparıb-gətirirdim. Bir neçə saata yaxşı pul qazanırdım. Düzdür, maşın köhnə idi, qazandığımın yarısı ustaya, yarısı yanacağa gedirdi. Amma hər şeyə rəğmən bu maşın mənə çox kömək edib. Bütün işlərimi bu maşının köməyi ilə görürəm. Özüm tək hər yerə gedirəm, gəlirəm. Çarəsiz qalıb kiməsə ağız açmıram.

 

Amma heç kim qəbul edə bilmirdi məni, haqqımda çox danışırdılar. Pis olurdum. Tez-tez maşını satmaq istəyirdim, amma yoldaşımın vəsiyyəti ağlıma gəlirdi, dayanırdım.

 

- Züleyxa xanım heç yol hərəkəti qaydalarını pozursunuzmu?

 

- Zaqatalaya gəlsəniz, yol polislərindən məni soruşun. Yol polisləri də məni yaxşı tanıyırlar. Sağ olsunlar, hörmət də edirlər. Amma mən də qaydaları pozmuram. Maşında bir problem yaranırsa, ustaya göstərirəm. Yoldaşım maşına yaxşı baxan adam idi. Mənə də həmişə deyirdi ki, maşına qulluq eləmək lazımdır. Mən mexaniki ötürmələr qutusu ilə təchiz edilən maşın sürürəm. Avtomatik ötürmələr qutusu rahatdır, amma mən həmişə “mexanika” sürmüşəm.

 

- Dediniz oğlunuzdan gizli çalışırdınız. Bəs o biləndə necə reaksiya verdi?

 

- Bir neçə gün işləyəndən sonra oğlumun xəbəri oldu. Biləndə ki, mən taksi sürürəm, ondan gizlədiyim üçün əsəbiləşdi. Amma etiraz etmədi. Atası razılıq vermişdi deyə, o da mənə dəstək olmağa başladı. Onu da başa düşürəm, mən nəinki taksi, maşın sürənə qədər rayonda heç bir qadın maşın belə sürməmişdi. Rayonda ilk qadın sürücü mən idim. Bir müddət keçdi, oğlum böyüdü. Artıq taksi sürməyimi istəmədi. O vaxtdan sonra mən də daha taksiyə çıxmadım. “Züleyxa dayı” tarixçəsi beləcə bağlandı.

 

- “Züleyxa dayı” niyə?

 

- Özüm ali savadlı rus dili müəlliməsiyəm, iki dəfə Həcc ziyarətində olmuşam, şəhid anasıyam, yazıçıyam, 4 kitabım işıq üzü görüb. Amma rayonda hamı mənə “Züleyxa dayı” deyə xitab edir. “Züleyxa Azad” təxəllüsü ilə şeirlər yazıram. “İti qələm”, “Məshəti”, “Onur bəlgəsi” kimi (Türkiyə Eskişehir şairlər dərnəyinin mükafatı) mükafatlara layiq görülmüşəm.

 

Amma hamı mənə “Züleyxa dayı” deyirdi. İllərdir taksi sürmürəm, amma rayonda məni dayı kimi tanıyırlar.

 

- Bu gün Bakıda da taksi sürücü olan qadınlar var. Onlara nə tövsiyə edərdiniz?

 

- Maşın qadın üçün rahatlıq deməkdir. Razıyam. Amma heç bir qadına taksi sürücüsü olmağı arzulamıram. Hər qadın taksi işlətmək gücündə deyil. Bu, kişi üçün belə çox çətin işdir, o ki qaldı qadınlara. Qadına avtomobil lazımdır. Harasa rahat getsin-gəlsin, uşaqlarını məktəbə, bağçaya aparsın. Bu mənada, hətta deyərdim, kişilərdən də çox lazımdır. Kişiyə nə var ki, oturdu bir yol maşınına, düşdü metroya, gecə-gündüz fərq etməz. İstədikləri yerə gedib-gəlirlər.

 

Məsələn, mən, öz gəlinimin maşın sürməsinə razı olaram, amma taksi sürücüsü olmasına yox. Çünki mən bu işdə çalışdığım müddətdə çox ağlamışam. Hiss edirdim ki, hamı arxamca pıçıldaşır. Üzümə demirdilər, amma arxamca hər sözü danışırdılar. Mənim bəxtim onda gətirdi ki taksiyə həyat yoldaşım sağ ikən çıxdım, o da mənə sonuna qədər dəstək oldu. Bütün qadınlara uğurlu həyat yoldaşı nəsib olmur. Heç kim inciməsin, bir kəlmə sözdən aləmi qatan, ayrılan o qədər ailələr var.

14:29 - 25 İyul 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin