Bakıda ata qızına xəsarət yetirdi

 Bakıda ata qızına xəsarət yetirdi

Bakının Sabunçu rayonunda 1970-ci il təvəllüdlü İbad şəxsi münasibətlər zəminində yaranan münaqişə zamanı qızı Yaquta (adla şərti verilib – red.) xəsarət yetirib. 
Asayis.Az-ın məlumatına görə, hadisə bu ilin aprelin 15-də Sabunçu rayonu, 2 Aprel küçəsində yerləşən evlərdən birində baş verib. 

İbad yaşadığı evin qonaq otağında olarkən qızı Yaqutun ona iradlarını bidlirməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı onu kəlləsi ilə burun nahiyyəsindən vuraraq ona xəsarətlər yetirib. 

Hadisəni törədən İbadın barəsində Cinayət Məcəlləsinin 127.1-ci (zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən İbad ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. 

O bildirib ki, mütəmadi olaraq spirtli içki qəbul etdikdən sonra həyat yoldaşı Fərizə ilə aralarında mübahisələr yaşanıb: 

“Aprelin 15-də, axşam saatlarında yaşadığımız evin qonaq otağında olarkən spirtli içki qəbul etdikdən sonra Fərizə ilə aramızda sözlə mübahisə yarandı. Bir az keçdikdən sonra qızım Yaqut mənimlə kobud danışmağa başladı. Qızım üzərimə gələrək nəyə görə Fərizə ilə mübahisə etdiyimi dedi. Mənə öz iradlarını bildirdikdə qəzəbləndim. Qəsdən onun burun nahiyəsindən başımla zərbə vurdum. Sonra otağı tək etdim”. 

Sabunçu rayon Məhkəməsinin hökmü ilə İbad 1 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. 

Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddət ərzində yaşayış yerinin hüdudlarını tərk etməmək, gecə saat 00.00-dan səhər saat 06.00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarəti vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerin dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulub. 

Hökmün icrası Bakı şəhər Probasiya İdarəsinə tapşırılıb. 


Demokrat.az

12:29 - 25 İyul 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin