Aztv (Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Cəmiyyəti) mərhum aparıcı Natəvan Babayevaya kanalın kömək etməməsi ilə bağlı sosial şəbəkələrdə yayılan iddialara cavab verib.
Asayis.Az xəbər verir ki, AZTV-nin İctimaiyyətlə əlaqələr və sosial media şöbəsinin rəisi və mətbuat katibi Rüfət Seyidov bildirib ki, yazılanlar həqiqətə uyğun deyil:
"Son bir neçə gündür ki, əməkdaşımız, uzun illər jurnalistika sahəsində çalışan və şərəfli, professional iş fəaliyyəti ilə tanınan Natəvan Babayevanın vəfatından sonra bəzi sosial şəbəkələrdə özünə jurnalist deyənlər bu hadisəni belə AzTV-ni hədəf almaq üçün istifadə edir. Reallığı əks etdirməyən məlumatlar yayır, sonra isə qeyri-professionallığını, qarşımızda haqsız olduqlarını görərək məlumatı silirlər. Bir daha diqqətinizə çatdırırıq - Natəvan Babayeva haqqında yayılan istənilən dezinformasiyaya sərt cavab verəcəyik, qanun çərçivəsində aidiyyatı üzrə addımlar atacağıq. Onun yaxınlarının hislərinə toxunan, reallığı əks etdirməyən və məkirli siyasətin bir hissəsi olan qarayaxma kompaniyalarını dayandırın! Yoxsa biz sizi dayandıracağıq. Bizim Natəvan xanıma etdiyimiz dəstəyi tirajlamaq niyyətimiz yoxdur. Bizim niyyətimiz izləyicilərimizi, həm bizi sevənləri, həm də bəzi dezinformasiyalar, bəzən də zamanın professional xətaları səbəbilə AzTV-yə güvənini itirən vətəndaşı qaytarmaq, xalqa istədiyi məlumatı verməkdir. Biz amalımızı əməlimizlə eyniləşdirir, səhvlərimizə baxaraq dəyişirik. Bəs siz?",- deyə o qeyd edib.
Qeyd edək ki, sosial şəbəkələrdə yayılan iddialara görə, AZTV ağır xəstəlikdən gənc yaşlarında dünyasını dəyişmiş əməkdaşı Natəvan Babayevaya Bakıya geri dönüş üçün bilet almaqdan imtina edib.