Sumqayıtda kişi arvadını avtomobilində döydü - TƏFƏRRÜAT

 Sumqayıtda kişi arvadını avtomobilində döydü - TƏFƏRRÜAT

Sumqayıt şəhərində 1988-ci il təvəllüdlü Abbas ailə münaqişəsi zəminində həyat yoldaşı Sevilə (adlar şərti verilib – red.) xəsarət yetirib. 
Asayis.Az-ın məlumatına görə, hadisəni törədən Abbasın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
 
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Abbas ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. 

O bildirib ki, Sevil ilə 9 ildir ailə həyatı qurub, 2014-cü il tarixdə rəsmi nigaha giriblər: 

“Bizim birgə nigahmızdan iki övladımız var. Evliliyimizin ilk vaxtlarında münasibətlərimiz normal olub. Ara-sıra xırda məişət problemləri olsa da, ailə olduğumuz üçün həmin problemləri böyütməmişik. Tez bir zamanda həll etməyə çalışmışıq”.

Təqsirləndirilən şəxs qeyd edib ki, əvvəllər Sevil onun tərəfindən heç vaxt işgəncələrə, təzyiqlərə fiziki və psixi təsirlərə məruz qalmayıb: 

“Hadisə günü, gecə saat 01.00-da Sumqayıt şəhəri, Bulvar ərazisində özümə məxsus “BMW” markalı avtomobildə olan zaman Sevil ilə aramızda qısqanclıq zəminində münaqişə baş verdi. Baş verən münaqişə zamanı çox əsəbiləşdim. Bu səbəbdən özümdən asılı olmadan qeyri ixtiyari olaraq Sevilin bədən və üz nahiyyələrinə vuraraq xəsarət yetirdim”. 

Bu cinayət işinə Sumqayıt şəhər Məhkəməsində baxılıb. 

Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin isə ondan şikayətçi olmamasını nəzərə alıb.
 
Bu səbəbdən Abbasın barəsində olan cinayət təqibinə xitam verilib. 

O, cinayət məsuliyyətindən azad edilib. 
 

14:25 - 24 İyul 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin