"Sanki biriləri oturub gözləyir ki, Azər Həsrət mediadan getsin"

Mətbuat Şurasının İdarə Heyətinin üzvü Azər Həsrət mətbuatdan getməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

Asayis.Az xəbər verir ki, A.Həsrət Pravda.az-a açıqlamasında belə deyib:

"Birincisi, mən hələ ki, heç yerə getməmişəm. Dədəlidə oturub özüm üçün həftəsonu keçirirəm. Sadəcə, "Facebook" hesabımı bağlamışam. İkincisi, gedəndə, təbii ki, bunu açıq şəkildə bəyan edəcəyəm. Elə bir durum olsa, həm Mətbuat Şurasının İdarə Heyəti üzvlüyündən, həm də İTV Yayım Şurası üzvlüyündən istefa verəcəyəm. Yeri gəlmişkən, mən istefa verəcəyim təqdirdə yerimə kimisə qoya bilmərəm ki, hansısa gənc və ya qocanın ora gəlməsini təmin edim. MŞ İH üzvlüyünə seçki Qurultayda keçirilir. O da 3 il sonra olacaq. Kim qazanırsa, o da üzv olur.

Yayım Şurasının üzvü isə istefa verdikdən sonra onun yeri müddətin sonuna qədər boş qalır. Yəni mən oradan istefa versəm, yeni seçildiyimi nəzərə alsaq, hələ önümüzdəki 6 il ərzində o yerə gələcək gənc artıq qocalmış olacaq".

A.Həsrət bildirib ki, mediadan getdiyini heç yerdə bəyan etməyib: "Belə olan halda kimdir bu cür həvəslə mənim adımdan bunu tirajlayan? Sanki biriləri oturub gözləyir ki, Azər Həsrət getsin. O adamlara demək istərdim ki, mən getsəm də, getməsəm də, sizin önünüzü kəsən birisi deyiləm. İstedadınız, bacarığınız varsa, buyurun çıxın önə, mən də sizə dəstək verim. Yeri gəlmişkən, bütün layiqli həmkarlarımı 22 iyul – bizim günümüzlə bağlı təbrik edirəm. Əsas budur ki, 30 ilə yaxın jurnalistikada olduğum müddətdə qələmim, qurucu babamız Həsən bəy Zərdabinin də istədiyi kimi, millətin faydasına yazıb, yazmağa da davam edəcək...".

 

15:46 - 23 İyul 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin