“Azərsu”nun ziyanı haradan qaynaqlanır - Su heç də ucuz deyil, amma...

 “Azərsu”nun ziyanı haradan qaynaqlanır - Su heç də ucuz deyil, amma...

Qurumun qazanmaq əvəzinə itirməsinin səbəbləri 

İri dövlət şirkətlərinin onilliklər boyu zərərlə işləməsi Azərbaycanda adi qarşılanır: cəmiyyət xüsusilə kommunal sektorda inhisarçı mövqedə olan bu qurumların daim zərərdidə olmasına təəccüblənmir. Belə qurumlardan biri də “Azərsu” ASC-dir. Ölkə ərazisində içməli su və kanalizasiya təchizatı ilə məşğul olan qurumun illərlə yığılan zərəri 8 milyard manatı keçib.

ASC-nin açıqladığı 2022-ci il üzrə maliyyə hesabatlarına əsasən, ötən ili “Azərsu” 180 milyon 514 min manat xalis zərərlə başa vurub. Bu, 2021-ci illə müqayisədə 3,1 dəfə azdır. Lakin səhmdar cəmiyyətin yığılmış zərəri 2,3 faiz artaraq 8 milyard 36,2 milyon manata çatıb.

Hesabatdan aydın olur ki, ötən il “Azərsu”nun içməli su və kanalizasiya xidmətinin satışından gəlirləri 278,894 milyon manat (əvvəlki ilə nisbətən 6,1 faiz çox), satışlarının maya dəyəri 134,225 milyon manat (4,3 faiz çox), inzibati xərcləri 43,175 milyon manat (50,1 fazi çox), satış və paylanma xərcləri 159,368 milyon manat (8,7 faiz çox), digər əməliyyat xərcləri 132,394 milyon manat (4,2 dəfə az), məzənnə fərqindən gəliri 9,705 milyon manat (5,9  faiz az), digər gəlirləri 2,394 milyon manat (13,5 dəfə az), maliyyə xərcləri 2,27 milyon manat (34,2 faiz az), icarə öhdəlikləri üzrə faiz xərcləri 53 min manat (11,7 faiz az), mənfəət vergisi ödəmələri isə 22 min manat (27,2 dəfə az) təşkil edib.

Ötən il “Azərsu” “Suez Group” şirkətinə olan 4,3 milyon manatlıq borcunu dövlət büdcəsi hesabına qaytarıb. 2022-ci ildə ASC həmçinin Dünya Bankına olan borcunu bağlayıb. Maliyyə hesabatından aydın olur ki, “Azərsu”nun faiz hesablanan kredit və borc öhdəliyi bu il yanvarın 1-nə 255,329 milyon manat təşkil edib. Bu isə ötən il yanvarın 1-i ilə müqayisədə 1,8 faiz azdır.

Hesabat dövründə “Azərsu” Dünya Bankına qalan 3,843 milyon manat borcunu tam bağlayıb. Lakin səhmdar cəmiyyətinin Maliyyə Nazirliyinə borcu 8,3 faiz artaraq 160,813 milyon manat, Almaniyanın dövlət bankı KfW-yə borcu 10,1  faiz azalaraq 52,759 milyon manat, Fransanın korporativ və investisiya bankı “Natixis”ə borcu 18,4  faiz azalaraq 26,507 milyon manat, Asiya İnkişaf Bankına (ADB) borcu isə 7,9  faiz azalaraq 15,25 milyon manata bərabər olub.

“Azərsu” Maliyyə Nazirliyindən borcu faizsiz və illik 1 faizlə, KfW və Dünya Bankından illik 0,75 faizlə, “Natixis” və ADB-dən isə illik 2,45 faizlə götürüb.

Bu il iyulun birinə “Azərsu”nun abonentlərinin sayı 4,5 faiz artmaqla 1 milyon 792 min 731-ə çatıb. Bunların 1 milyon 721 min 644-ü (96 faiz) əhali, 71 min 87-si isə qeyri-əhali qrupu abonentlərdir. Son illərdə Azərbaycanda su və kanalizasiya tarifləri tez-tez artırılır. Hər dəfə də Tarif Şurasının izahatında tariflərin xidmət keyfiyyətinin artırılması və ASC-nin maliyyə imkanlarının genişləndirilməsi məqsədilə artırıldığı bildirilir. Sonuncu belə qərar 2021-ci ilin yanvarında qəbul edilib. Nəticədə bir kubmetr su təchizatının tarifi ƏDV daxil olmaqla əhali üzrə Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu üçün 70 qəpik, digər inzibati ərazi vahidləri üzrə 60 qəpik, tullantı sularının axıdılması xidmətinin tarifi isə ölkə üzrə bir kubmetr üçün 30 qəpik səviyyəsində təsdiq olunub.

Bu qərardan sonra gözləntilər vardı ki, içməli su təminatının keyfiyyəti yaxşılaşmaqla bərabər, “Azərsu” artıq ziyanla, dotasiya ilə işləməyəcək, qazanc əldə edən quruma çevriləcək. Lakin göründüyü kimi, ASC-nin zərəri də dəyişkənlik nümayiş etdirir. Məsələn, 2020-ci ili 323 milyon 222 min manat xalis zərərlə bağlayan “Azərsu” 2021-ci ildə xalis zərərinin məbləğini 552 milyon 230 min manata çatdırıb. 2021-ci ildə “Azərsu” şirkətinin cəmi gəlirləri 113 milyon 406 min manat, cəmi xərcləri isə 342 milyon 414 min manata bərabər olub.

“Azərsu”nu zərərdən çıxmağa qoymayan səbəblər hansılardır? Niyə təqdim etdiyi məhsul və xidmətin dəyəri artdığı bir vaxtda ASC zərərdən çıxa bilmir?

Qurumun özünün zərərin azaldılması, gəlirə çıxılması ilə bağlı hansısa plan və ya strategiyası varmı?



Anar Cəbrayıllı: “Zərərin əsas səbəbi amortizasiya xərcləridir”

Sualları cavablandıran ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı qurumun zərərinin ildən-ilə azaldığını deyir: “Ötənilki hesabatdan da görünür ki, zərərimiz 3,1 dəfə azalıb. Faktiki fəaliyyətdən bizim hər hansı zərərimiz yoxdur: əməliyyat gəlirlərimiz əməliyyat xərclərimizi tam bağlayır. Əsas zərər balansımızda olan aktivlərin amortizasiyasından hesablanan zərərdir. Bildiyiniz kimi, "Azərsu" çox nəhəng aktivlərə malikdir: anbarlar, qurğular, ötürücü kəmərlər, nasos stansiyaları və sair kimi çox böyük aktivlərimiz var. Elə zərər də bu aktivlərin amortizasiya xərclərinə görə yaranır. Beynəlxalq uçot standartlarının tələbi budur ki, aktivlərin amortizasiya xərcləri də zərər kimi hesablanır. Bizim illik zərərimiz məhz bu maddə üzrə yaranır. Amortizasiya xərcləri nəzərə alınmazsa, biz hələ cüzi də olsa,  ötən ili gəlirlə başa vurmuş olarıq".



Rövşən Ağayev: “Əsas vəsaitlərin dəyərsizləşməsi bir çox hallarda korrupsiya risklərinin yüksək olması ilə bağlı olur”

İqtisadçı-ekspert Rövşən Ağayev də “Azərsu” ASC-nin zərərdə olmasında amortizasiya xərclərini əsas səbəb kimi qeyd edir. Onun sözlərinə görə, çox qısa müddət əvvəl içməli suyun qiyməti iki dəfəyə yaxın artırılıb: “Həmin ildə "Azərsu" ASC faktiki olaraq iki dəfə yüksək qiymətlə çalışıb. Qiymət artımına uyğun olaraq iki dəfəyə yaxın, təxminən 70 faiz satışdan daxilolmalar artıb. Amma bu artımlar, qurumun xərclərinin azalması ilə müşayiət edilməyib. Məsələ burasındadır ki, maliyyə hesabatları dərindən analiz edildikdə görünür ki, qurumun zərərlə işləməsində əsas səbəblərdən biri əsas vəsaitlərin, əsas fondların dəyərsizləşməsi ilə bağlı xərclərdir. Mən demirəm bu, həmişə korrupsiya ilə bağlı olur. Amma mütəxəssislərin, auditorların gəldiyi qənaət budur ki, əsas vəsaitlərin dəyərsizləşməsi bir çox hallarda korrupsiya risklərinin yüksək olması ilə bağlı olur.

Biri var əsas vəsaitlərin köhnəlməsi, bu başqa məsələdir, biri də var dəyərsizləşməsi. Dəyərsizləşmə odur ki, tutaq ki, əsas fondlar istismara veriləndə qiyməti şişirdilir, burda korrupsiya amili rol oynayır. Məsələn, 3 manata alınmalı olan boru 5 manata alınır və s. Bir müddətdən sonra auditorlar qiymətləndirmə aparanda həmin əsas fondları ədalətli dəyəri ilə, qiymətləndirmə aparılan dövrün bazar dəyərinə qiymətləndirirlər. Bu halda isə təbii ki, əgər əvvəl şişirdilmiş qiymətlə alınıbsa, sonrakı dövrdə artıq ədalətli dəyərlə qiymətləndiriləndə ortada yaranan fərq dəyərsizləşmə kimi qeydiyyata alınır. Bu da avtomatik olaraq xərcə çevrilir. Bu xərc isə mənfəətin azalmasına, hətta şirkətin zərərə çıxmasına səbəb olur. Bir daha deyirəm, peşəkar auditorların, maliyyəçilərin, iqtisadçıların ortaq rəyi budur ki, xüsusiən dövlət şirkətlərində dəyərsizləşmə hesabına zərər böyüyürsə, bu, ciddi şəkildə şəffaflıq problemi ilə bağlıdır. Yəni “Azərsu” ASC şəffaf şirkət deyil".

R.Ağayevin sözlərinə görə, dövlət şirkətlərinin ayrıca satınalma hesabatı olmalıdır. Bütün satınalmalar açıq, şəffaf, bütün ictimaiyyətin izləyə biləcəyi şəkildə həyata keçirilməlidir: “Dövlət şirkətlərinin aldıqları mal və xidmətlərin dəyərini hər kəs araşdıranda tapa bilməlidir. Yəni "Azərsu" layihələr həyata keçirirsə, bizim o layihələr çərçivəsində aldığı mal və xidmətlərin qiymətini belə öyrənmək, korrupsiya riskinin olub-olmamasını araşdırmaq imkanımız olmalıdır".

R.Ağayevin fikrincə, dövlət şirkətlərini zərərdən çıxarmağın əsas yolu onların ən azı bir hissəsinin özəlləşməsindən keçir: “Çox yaxşı olar ki, dövlət özü suyun sahibi kimi qalsın, amma onun paylanması özəl şirkətlərə keçsin.  Yaxud dövlət mülkiyyətçi kimi qalsın, uzunmüddətli idarəetməyə versin. Özəl sektor heç vaxt bir cibindən götürüb, başqa cibindən oğurluq eləmir. Amma dövlət şirkətlərində bu problem həmişə olub. Sovet dövründən qalma psixologiya var ki, dövlətindirsə oğurlaya bilərəm. Ona görə dövlət şirkətlərinin dövlətsizləşdirilməsi - ya özəlləşmə, ya da uzunmüddətli idarəetməyə verilmə formasında - islahatları aparılmasa, vəziyyət belə davam edəcək. Dövlət şirkətləri zaman-zaman bəyan edəcək ki, xərclərimizi ödəyə bilmirik, ziyanımız var, qiymətlər artırılsın. Qiymətlər artırılacaq, amma nəticə dəyişməyəcək. Necə ki, 2021-ci ildə suyun tarifləri artdı, amma həmin il "Azərsu"nun zərərinin həcmi azalmadı, əksinə, artdı"(AFN.az).

Onu da qeyd edək ki, iri dövlət şirkətlərinin fəaliyyətində səmərəliliyin artırılması da uzun illərdir müzakirə mövzusu olaraq qalır. Müstəqil ekspertlər bu problemin həllini yeganə yol kimi həmin şirkətlərin özəl əllərə idarəetməyə verilməsində görürlər. Lakin hökumət bu istiqamətdə hansısa addımlar atmağa tələsmir...

13:59 - 20 İyul 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin