Bakıda kafedə dava - Qadın döyüldü

 Bakıda kafedə dava - Qadın döyüldü

Bakının Binəqədi rayonunda 1971-ci il təvəllüdlü Mübariz kafedə xuliqanlıq edib, kafedə işləyən Mahirəyə xəsarət yetirib. 
Asayis.Az-ın məlumatına görə, hadisə rayonun Biləcəri qəsəbəsində yerləşən “Naxşıcahan” kafesində baş verib. 

Mübariz kafedə işləyən Mahirəyə xəsarət yetirib. 

Hadisəni törədən Mübarizin barəsində Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər törətmək) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Mübariz ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. 

O bildirib ki, Mahirəni təxminən 4 aydır tanıyır və arada bir onun işlətdiyi Biləcəri qəsəbəsində yerləşən “Naxşıcahan” kafesinə çay içməyə gedib: 

“Hadisədən təxminən 10-15 gün əvvəl Mahirənin işlətdiyi kafedə olan zaman mənə işçi axtardığını bildirdi. Mən də işçi olsa xəbər edəcəyimi dedim”. 
Təqsirləndirilən şəxs qeyd edib ki, 7 aprel 2022-ci ildə, saat 9 radələrində Mahirənin işlətdiyi kafeyə çay içmək üçün gedib: “Kafedə olan zaman Mahirə ilə görüşdüm, çay içib işlərim olduğundan kafedən bayıra çıxdım. Bu zaman Mahirə arxamca gələrək özünə məxsus olan mobil telefonu tapa bilmədiyini və məndən şübhələndiyini bildirdi. Mahirəyə mobil telefondan xəbərim olmadığını söylədim. Oradan çıxaraq getdim. Həmin gün saat 18 radələrində Mahirənin işlətdiyi “Naxşıcahan” kafesinə getdim. Həmin gün kafedə olan zaman masaların birində əyləşdim və spirtli içki sifariş verdim. Kafedə çoxlu tanımadığım şəxslər var idi. Kafedə olan zaman Mahirə mobil telefonunu mənim götürdüyümdən şühbələndiyini və geri qaytarmağımı bildirdi. Mahirəyə acıqlanaraq belə bir şeyin olmadığını söylədim. Daha sonra Mahirə ilə aramızda ilkin olaraq sözlü mübahisə yarandı. Mübahisə zamanı Mahirə məni pis sözlər ilə təhqir etməyə başladı. Mən də Mahirəyə qarşılıq versəm də, Mahirə üz və sinəmdən cırmaqla xəsarət yetirdi. Bu zaman Mahirənin məndən əl çəkmədiyini gördüm, əlim ilə qollarından tutaraq geri itələdim. Mahirə yerə yıxıldı. Daha sonra kafedə olan tanımadığım şəxslər bizi ayırdı”. 

Təqsirləndirilən şəxs deyib ki, daha sonra kafedən çıxaraq yaşadığı evinə gedib. 

Bu cinayət işinə Binəqədi rayon Məhkəməsində baxılıb. 

Məhkəmə təqsirləndirilən şəxsin əməlini Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsinə tövsif edilib. 

Məhkəmə hökm çıxaran zaman təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb.

Bu səbəbdən Mübarizin barəsində olan cinayət təqibinə xitam verilib. 

O, cinayət məsuliyyətindən azad edilib.


Demokrat.az

12:44 - 20 İyul 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin