Son illər istirahət üçün ölkə xaricinə üz tutan vətəndaşların sayı artıb. Xarici ölkələrə maraq ölkədə turizm xidmətləri göstərən şirkətlərin sayını da artırıb. Turizm şirkətlərinin fəaliyyətindəki canlanma müxtəlif ölkələrə təşkil olunan qrup turları, fərdi və ya ailəvi istirahət üçün təklif olunan xüsusi turpaketlər, hətta tur daxilində hər yaşa uyğun proqramların tərtib edilməsi insanların diqqətini cəlb edir. Həm də şirkətlə səyahət etmək bir çoxu üçün daha rahatdır. İnsanlar səyahətini özü planmır, vaxtına qənaət edərək hazır təkliflərdən yararlanırlar. Turizm şirkətləri şəxsi istəkləri də nəzərə alıb müştəriyə özəl səyahət proqramı hazırlaya bilir.
Bütün bunlar üstünlükdür. Lakin asan hesab edilən bu seçim bəzən baha başa gələ bilər. Saysız turizm şirkətlərlərindən hansılarının etibarlı olduğu da insanları düşündürən məqamdır.
Fırıldaqçı şirkətlərin toruna düşməmək üçün diqqət etməli olduğumuz xüsuslardan turizm üzrə ekspert Cabir Dövlətzadə Demokrat.az-a açıqlamasında bəhs edib.
Ekspertin sözlərinə görə, Azərbaycan turizm bazarında uzun illərdir öz sözünü deyən bir çox turizm şirkəti mövcuddur:
"Onlar daha çox "out going"lə məşğuldur, yəni ölkə xaricinə turist göndərməklə. "In coming", yəni ölkə daxilində turist qəbul edən tur şirkətləri də mövcuddur. Hər iki istiqamətdə professionallaşmış şirkətlər var".
C.Dövlətzadə qeyd edib ki, şirkətə müraciət etməmişdən öncə onun haqqında araşdırma etmək lazımdır:
"İnsanlar şirkətin yaranma tarixinə, haqqındakı rəylərə, IATA-ya üzv olub-olmadığına diqqət etməlidirlər. Sosial şəbəkədə paylaşılan tur elanlarının qurbanı olan insanlar var. Saxta hesablar açıb özünü şirkət kimi təqdim edərək insanlardan pul qoparan fırıldaqçıların toruna düşməmək üçün tur paketlər ofisdən alınmalıdır".
Ekspert bildirib ki, bir şirkətin ofisinin olması onun etibarlılıq dərəcəsini artırır:
"Xaricə səfər ediriksə, onlayn üsulla müraciət etməkdən qaçmaq, real ofis şəraitində həm şirkətlə, həm də təkliflərilə maraqlanmaq lazımdır. Hüquq - mühafizə orqanları dələduz şirkətlərin əməllərinin qarşısını ala bilmir" .