“Əhəd Abıyev ata ona görə minmişdi ki, pulları özü yığsın” - SENSASİON AÇIQLAMA

 “Əhəd Abıyev ata ona görə minmişdi ki, pulları özü yığsın” - SENSASİON AÇIQLAMA

“Bu gün biz deyirik ki, dövlət idarələrində, qurumlarda cavanlar işləsin və s. Lakin təcrübəsi olmayan cavanları da vəzifəyə gətirmək düzgün deyil. Məsələn, ABŞ-ın prezidenti Co Baydenin 80-dən çox yaşı var, amma dünyanı idarə edir. Məsələn, ölkə başçısı Neftçalada olanda icra başçısında nöqsan tutdu. Yəni cavan olmaqla deyil, təcrübə əsasdır. Təcrübə olanda insanlar xalqla daha çox işləməyə bacarır, onların dilini bilir”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev söyləyib.

O, Daşkəsən rayonunun sabiq icra başçısı Əhəd Abıyevin son yaş həddi ilə əlaqədar işdən azad edilməsi faktına toxunub.

Xatırladaq ki, Ə. Abıyevin vəzifəsindən getməsindən sonra sosial şəbəkələrin Azərbaycan seqmentində 65 yaşdan yuxarı məmurların bir sıra rayonlarda hələ də icra başçısı vəzifəsində olduğu diqqətə çatdırılıb.

Öz növbəsində, H. Hacıyev əlavə edib:

“O ki qaldı Əhəd Abıyevin guya 65 yaşa çatdığına görə işdən çıxarılmasına, Əhəd Abıyev əməllərinə görə işdən çıxarıldı. Əhəd Abıyevin obyektlərinin sayı indi mətbuatda dərc olunur. Adam rüşvətxor olduğuna və korrupsiyaya bulaşdığına görə işdən çıxarıldı. O cümlədən o, Daşkəsən camaatını incidirdi, yaylağa qalxan fermerlərin qoyunlarının sayına görə onlardan pul alırdı. Maraqlıdır, Əhəd Abıyev bu qədər var-dövləti haradan alıb? Sizin, mənim niyə yoxdur?

Gördünüz ki, Azərbaycanın hər yerində onun villaları, Masallıda evləri, qardaş-qohumunun mülkləri doludur. Bu, düzgün deyil. Həmçinin, cənab Prezidentin özü ədalətli, haqqı deyən bir adamdır. 6 aylığın yekununda o, çox böyük mesajlar da verdi. Düşünürəm ki, bu “barıt” hələ çox davam edəcək”.

“Doğrudur, 76 yaşında belə icra hakimi hazırda var. Zaqatalanın icra hakimi buna misaldır. Amma burada təcrübə də böyük iş görür. Prezidentin özü də söylədi ki, Gədəbəyin icra başçısı əhali ilə xalq dilində danışsaydı, bu gün basqılara məruz qalmazdıq. Amma nə etmək olar? Hələlik gedən islahatlarda köhnələrdən canımızı qurtara bilmirik. Yaxşı işləyən, qoy, işləsin. Kim nə deyəcək?”, – MMP sədri vurğulayıb.

Müxalifətçi onu da diqqətə çatdırıb ki, bölgələrdə olan icra hakimləri bu işi görmür:

“Ona görə də Əhəd Abıyevin işdən çıxarılması, məncə, səhvdir. O, həbs edilməliydi. Heç olmasa, onların vicdanı olmalıydı ki, dövlət başçısı onlara etimad göstərib. Əhəd Abıyev ata minib suya görə yaylağa getməmişdi. O, çobanlardan pulu özü alırdı ki, müavinləri guya bunu aldadır. Yəni Əhəd Abıyevin işdən çıxarılması yaş məsələsinə görə deyil. Fikrimcə, hüquq-mühafizə orqanları Əhəd Abıyevin yığdığı sərvətlərin bir hissəsini Qarabağdakı quruculuq işlərinə yönəltməlidirlər. Qanun qanundur və hamı qanun qarşısında cavab verməlidir”. 

17:21 - 18 İyul 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin