İstilik sistemi olmadığı halda niyə borc bildirişi gəlir? - Aydınlıq gətirildi

 İstilik sistemi olmadığı halda niyə borc bildirişi gəlir? - Aydınlıq gətirildi

"Azəristiliktəchizat" ASC-nin mətbuat katibi Elvin Basqallı bəzi şəxslərə mənzillərdə istilik sistemi olmadığı halda borc bildirişi gəlməsinə aydınlıq gətirib.

Asayis.Az xəbər verir ki, E.Basqallı Pravda.az-ın sorğusuna cavab olaraq bildirib ki, belə hallardan narazı olan vətəndaşlar "Azəristiliktəchizat" ASC-yə müraciət etməlidirlər.

Elvin Basqallı

“Müraciət olunduğu halda dərhal ASC tərəfindən Komissiya təşkil edilir, məsələ araşdırılır. Vətəndaşın yaşadığı mənzilin dəqiq ünvanı qeyd olunur, ASC də vətəndaşın sualını dəqiq cavablandırır, izah edir ki, borc hansı tarixdə yığılıb”, - o bildirib.

 

E.Basqallı bəzi vətəndaşlara istiliklə bağlı borc yazılması hallarının səbəbini belə izah edib: “Bəzən kimsə mənzil alır, həmin mənzilin köhnə sahibinin əvvəlki illərdə istiliklə bağlı borcu olur. Yeni mənzil sahibi də bundan narazılıq edir. Mənzil alqı-satqısı zamanı bu məsələdə diqqətli olmaq, digər kommunal xidmətlərlə yanaşı istiliklə bağlı borcun olub-olmadığını əvvəlcədən yoxlatmaq lazımdır. Yaxud mənzil sahibi hansısa ildə mərkəzi istilik sistemindən imtina edirsə, bununla bağlı "Azəristiliktəchizat" ASC-yə müraciət etməlidir. Əməkdaşlarımız tərəfindən akt tərtib olunmalıdır ki, doğrudan da həmin mənzil artıq istilik almır. Müraciət edilmədiyi təqdirdə bir müddət sonra mənzil sahibinin adına borc yığılır. Bununla bağlı müraciət daxil olduqda da "Azəristiliktəchizat" Komissiya təşkil edir, müvafiq araşdırma aparır ki, həqiqətən də mənzil bu tarixdən istilik almır. Məsələ bir çox hallarda vətəndaşın xeyrinə həll olunur. Praktikada belə müraciətlər olub, vətəndaşın problemi müsbət nəticələnib”.

Qurum rəsmisi vurğulayıb ki, "Azəristiliktəchizat" ASC istiliyi binalara qədər verir: “Binaların zirzəmisinə qədər istilik vermək məsuliyyət zonamıza daxildir. Lakin həmin binadan istiliyin mənzillərə paylanması binadaxili və mənzildaxili məsələ hesab olunur. Bəzən binaya qədər istilik verilir, bir çox qonşuların mənzilləri istiliyi normal alır. Digər mənzil sahibi isə istilik sistemi cihazlarını təmizləmir. Yaxud həmin mənzilə istilik gəlməməsi ilə bağlı müraciət edib, problemi aradan qaldırmır, düşünür ki, ona istilik verilməyib, amma borc yazılıb. Halbuki "Azəristiliktəchizat" həmin binanı istiliklə təmin edib. Son bir ildə şəxsən rastlaşdığım halları da sadalaya bilərəm. Vətəndaş istilik sistemini təmizləməyib, evinə istilik gəlməyib. ASC-yə müraciət edib, əməkdaşlarımız gedib görüblər ki, vətəndaşın yaşadığı binaya yüksək səviyyədə istilik verilir. Vətəndaş istilik sistemini təmizləmirsə, istilik ala bilmirsə, bu, vətəndaşdan qaynaqlanan məsələdir. Belə hallarda anlaşılmazlıqlar yaranır. "Azəristiliktəchizat" ASC-yə konkret müraciət olunmalıdır. Hər bir fərdi müraciətin öz fərdi izahı, cavabı var”.

 

16:42 - 17 İyul 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin