Abşeron rayonunda 1989-cu il təvəllüdlü Daşqın ailə münaqişəsi zəminində həyat yoldaşı Aydana (adlar şərti verilib – red.) xəsarət yetirib.
Asayis.Az-ın məlumatına görə, hadisə rayonun Saray qəsəbəsi, Saray MTK-nın binasında mənzillərdən birində baş verib.
Daşqın qısqanclıq zəminində arvadı Aydanla aralarında münaqişə yaranıb.
Mübahisə zamanı Aydanın siftə nahiyəsinə bir dəfə yumruq zərbəsi vurub.
Hadisəni törədən Daşqının barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Daşqın ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.
O bildirib ki, saat təxminən 15.00-da yaşadığı evə gələn zaman Aydanın gözəllik salonunda olmasını bilib:
“Aydanın istifadə etdiyi mobil telefonunda “İnstagram” sosial şəbəkəsinə daxil olan zaman orda qonşuluqda yaşayan Faiq adlı şəxsin ona yazdığı mesajları gördüm. Həmin hesabla Faiqə yazdım və onun yaşadığı ünvana gəldim. İlk olaraq ona heçnə demədim. Aydan salondan qayıtdıqdan sonra Faiqlə nəsə münasibətinin olmasını soruşdum.
O, isə Faiqi tanımadığını deyərək inkar etdi. Sonradan Faiqin ona yazdığı mesajı göstərdim. Bu zaman Aydan Faiqin təxminən 2-3 ay bundan öncə qarşısını kəsərək onu narahat etməsini dedi. Mən heç nə demədən evdən çıxdım və spirtli içki qəbul edərək geri qayıtdım. Evə gəldikdə Aydana “İnstagram”da mesaj bölməsini açmasını dedim. O, isə mesajı silməsini dedi. Bu vaxt Aydanın yenidən Faiqlə yazışmasından şüphələndim. Onun baş və bədən nahiyyəsinə dəfələrlə yumuruq vurdum. Aydan qışqıraraq qonşuları evə yığmağa çalışdıq da, onun qışqırmağına mane olmağa çalışdım”.
İş üzrə zərərçəkmiş Aydanın sözlərinə görə, saat təxminən 15 radələrində Daşqın evə gəlib və “İnstagram” sosial şəbəkəsində qonşuluqda yaşayan Faiq adlı şəxsin ona yazmasını görüb:
“Mən gözəllik salonundan geriyə qayıtdıqda Daşqın Faiqə niyə yazmağımı soruşdu. Faiqin dəfələrlə qarşımı kəsdiyini, məni narahat etdiyini dedim. Daşqın heç nə demədən evdən getdi. Geri sərxoş vəziyyətdə gələrək heç bir səbəb olmadan başıma, üzümə və bədənimin müxtəlif nahiyyələrinə yumuruq, təpik zərbələri ilə vurdu. Bu vəziyyəti gördükdə Daşqının məni öldürəcəyindən ehtiyyat etdim. Buna görə də Daxili İşlər Nazirliyinin “102” xidməti-zəng mərkəzinə müraciət etdim. Hadisə barədə məlumat verdim”.
Bu cinayət işinə Abşeron rayon Məhkəməsində baxılıb.
Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb.
Bu səbəbdən Daşqının barəsində olan cinayət təqibinə xitam verilib.
O, cinayət məsuliyyətindən azad edilib.
Demokrat.az