“Ad yaradıcılığı millətin pasportudur. Vətəndaşlarımız bu məqamı nəzərə almalıdır. Bəzən valideynlər dilimizə yad olan adların qoyulmasında israr edirlər. Milliliyi üstün tutan vətəndaş övladına da milli ad qoyacaq”.
Asayis.AZ xəbər verir ki, bu fikirləri Demokrat.az-a açıqlamasında xarici adlarla bağlı danışan dilçi alim Şahlar Göytürk bildirib.
O, ad seçiminin valideynlərin ad yaradıcılığı ilə bağlı məsələ olduğunu deyib.
Ümumiyyətlə, son illər ölkədə övladına xarici ad qoyanların sayı artıb. Jasmin, Sofiya, Adelina, Melisa kimi adlara tez-tez rast gəlirik. Təbii ki, valideynin uşağına istədiyi adı qoymaq hüququ var. Lakin bu adlar həm dilin orfoqrafik normalarına uyğun gəlməli, həm də estetik və mənalı olmalıdır. Digər bir məsələ isə adların milliliyimizi əks etdirməsidir. Avropa mənşəli adlarsa millilikdən uzaqdır.
Dilçi alim Şahlar Göytürkün sözlərinə görə, seçdiyimiz ad bizim ad yaradıcılığı ilə bağlı təfəkkürümüzün hansı səviyyədə olduğunu göstərir:
“Sovet dövründə ad yaradıcılığı fərqli istiqamətdə inkişaf etmişdi. Çoxuşaqlı ailələrin sayı az deyildi. Valideynlər onlara ad qoyarkən qafiyəli olmasına üstünlük verirdilər. Məsələn, ilk uşağın adını Ələddin qoyurdularsa, ikinci oğlan övladının adını buna uyğun, Nəcməddin, digərini isə Sədrəddin, Nəsrəddin qoyurdular. Və ya ikipilləli adlara üstünlük verirdilər. Həmin dövrkü ictimai – siyasi formasiyanın təsirilə bəzi qəribə adlar ortaya çıxdı - Kolxoz, Şura, Qambay...
Dini adlar Azərbaycanda tarixən mövcud olub, artıq milliləşib. Ərəbcədən gələn“Muhammed” adı dilimizə “Məhəmməd”, “Məmməd” kimi daxil olub. “Mamed” kimi rəsmiləşdirmək təbii ki, doğru deyil. Komissiya da haqlı olaraq bunu nəzərə alıb.
Daha çox milli adlara üstünlük verməliyik. Elə adlar var ki, hansısa etnosun adı ilə bağlıdır. Qeydiyyat şöbələrində belə adlara məhdudiyyət qoyulub. Belə adların qoyulması ayrıseçkiliyə, xaosa səbəb ola bilər. Bəzən qeyri-etik adlara rast gəlirik. Yaxşı olar ki, valideynlər övladlarına ad seçərkən diqqətli olsunlar”.
Adlarla bağlı görülən işlərdən danışan Ş.Göytürk son olaraq əlavə edib ki, ölkədə şəxs adlarının izahlı lüğəti və kişi adlarının izahlı lüğəti çap olunub.