Sabirabad rayonunda yetkinlik yaşına çatmayan qızla cinsi əlaqədə olmaqla ittiham olunan 1998-ci il təvəllüdlü Şahmarın (adlar şərti verilib – red.) məhkəməsi başa çatıb.
Asayis.Az-ın məlumatına görə, Şahmar zərərçəkmiş Səbinə ilə ailə həyatı qurub.
O, 27 dekabr 2021-ci ildən başlamaqla 2022-ci ilin iyun ayınadək olan müddət ərzində yaşadığı Sabirabad rayonun kəndindəki evində Səbinə ilə mütəmadi olaraq cinsi əlaqədə olub.
Şahmarın barəsində Cinayət Məcəlləsinin 152.1-ci (on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.
Sabirabad rayon Məhkəməsinin hökmü ilə Şahmar 1 il müddətinə azadlıqdan məhrum edilib.
Hökmdən narazı qalan zərərçəkmiş Səbinə və onun qanuni nümayəndəsi tərəfindən apellyasiya şikayəti verilib.
Səbinə bildirib ki, öz razılığı ilə Şahmara qoşularaq ailə qurmaq üçün onun evinə gedib:
“Hazırda Şahmarın həbsdə saxlanılması mənə əzab verir. Biz bir-birimizi sevirik. Onun həbslə əlaqədar olmayan cəza təyin edilməsini xahiş edirəm”.
Zərərçəkmiş şəxs qanuni nümayəndəsi qızının nikah yaşı tamam olduqdan sonra qızı ilə təqsirləndirilən şəxsin ailə quracaqlarını bildirib, apellyasiya şikayətinin təmin edilməsini xahiş edib.
Şirvan Apellyasiya Məhkəməsinin qərarı ilə apellyasiya şikayəti təmin edilib. Şahmarın cəzası 6 aya endirilib.
Demokrat.az