Qocaman yazıçı Əkrəm Əylisli uzun illərdir mətbuatda haqqında tirajlanan yanlışlara aydınlıq gətirib.
Asayis.Az-a danışan “Daş yuxular” romanının müəllifi bildirib ki, o heç də layiq görüldüyü bütün titullardan məhrum edilməyib:
"Saytlarda haqqımda tez-tez bir məlumat dərc edilir. Barəmdə yazılan bu yanlış məlumatlara aydınlıq gətirməyi lazım bilirəm. Məlumatda deyilir ki, mənim titullarımın hamısı əlimdən alınıb və Yazıçılar Birliyindən xaric edilmişəm. Bunların heç biri doğru deyil. Mən yalnız "Xalq yazıçısı" fəxri adından və Prezident təqaüdündən məhrum edilmişəm. Digər titullarımın hər biri yerindədir. Ölkənin ali "İstiqlal" ordeninin kavaleriyəm. Sovet dövründə layiq görüldüyüm Əməkdar İncəsənət Xadimi fəxri adımı da hələ heç kəs məndən almayıb".
85 yaşlı yazıçı qeyd edib ki, Yazıçılar Birliyindən xaric edilməyib. O, öz ərizəsi ilə 1991-ci ildə birliyi tərk edib:
"O ki, qaldı Yazıçılar Birliyinə, mən hələ 1991-ci ilin fevral ayında öz ərizəmlə oradan çıxmışam və həmin tarixdən etibarən ora bir dəfə də ayaq basmamışam. Mənim AYB-dən xaric edilməyim məlum kampaniya dövründə Anara özünün siyasi sayıqlığını bir daha nümayiş etdirmək üçün lazım idi. Bunları ictimaiyyətin nəzərinə çatdırmaqla KİV-lərdə çoxdan tirajlanan şablon yanlışa nəhayət, son qoyulacağına inanmaq istəyirəm".
Xatırladaq ki, Əkrəm Əylisli 2013-cü ildə çap etdirdiyi “Daş yuxular” romanından sonra Azərbaycan ictimaiyyətinin kəskin etirazı ilə üzləşib. Hətta onun kitabları nümayişkaranə şəkildə yandırılıb. Həmin vaxtdan sonra yazıçı uzun illər demək olar ki, ictimai tədbirdə iştirak etməyib.
Yenisabah.az