Azərbaycanın sabiq prezidenti, mərhum Əbülfəz Elçibəy rəsmi sənədləri, Bəyanatları “Elçibəy” soyadı ilə imzalayıb. Azpost.info bildirir ki, SSRİ zamanı Əbülfəz bəyin rəsmi soyadı Əliyev olub. Azərbaycanda xalq hərəkatının rəhbəri olduqdan sonra o, ilk olaraq “Əbülfəz Əli Elçibəy”, daha sonra isə “Əbülfəz Elçibəy” adı ilə çıxış edib.
1992-ci ilin prezident seçkilərində də bülletendə adı “Əbülfəz Elçibəy” kimi qeyd olunub. Dövlət başçısı kimi bütün rəsmi səfərlərində Əbülfəz Elçibəy kimi tədim olunub.
Azpost.info-nun əldə etdiyi bir foto maraqlı bir məqama işıq salıb. Foto eks-prezidentin 2000-ci ildə ABŞ-a səfəri zamanı xarici pasportundakı amerikan vizası əks olunub. Burada Əbülfəz bəyin soyadı rəsmən “Əliyev” kimi göstərilib. Viza 12 may 2000-ci ildən 11 may 2001-ci ilə qədər -1 illik müddətinə açılıb.
Rəsmi vizadan belə məlum olur ki, Əbülfəz Elçibəy soyadını dəyişməyibmiş. O, rəsmən “Əliyev” soyadını daşıyıb.
Xatırladaq ki, Əbülfəz Elçibəy 2000-ci ilin may ayında ABŞ-a son səfərini edib. Səfərinin əsas məqsədi Konqresdə Azərbaycanda demokratiyanın durumu ilə əlaqədar keçirilən dinləmələrdə iştirak etmək idi. Bundan başqa, Vaşinqtonun beyin mərkəzlərində Elçibəylə bir neçə görüş təşkil olunub. Nəhayət səfərin bir mühüm tədbiri ABŞ-da fəaliyyət göstərən türk təşkilatlarının dəvəti ilə Nyu-Yorkda keçirilən Türk yürüşündə iştirak etmək idi.
Əbülfəz Elçibəy son ABŞ səfərindən 3 ay sonra, 22 avuqst 2000-ci ildə Türkiyənin paytaxtı Ankarada vəfat edib.
Əbülfəz Elçibəy 1992-93-cü illərdə Azərbaycana rəhbərlik edib. 1993-cü ilin Gəncədə hərbi qiyam nəticəsində vəzifəsini tərk edib.