Azərbaycan Yazıçılar Birliyindən xaric olunan, layiq görüldüyü bütün titullardan məhrum edildikdən sonra kölgəyə çəkilən Əkrəm Əylislidən xəbər var. Yenisabah.az-a danışan 85 yaşlı yazıçı hələ də yazıb-yaratmaqda davam etdiyini açıqlayıb:
"Açığı, əgər yazmasam, dəhşətli dərəcədə darıxan adamam. Darıxmaqdan özümü öldürə də bilərəm. Yazmasam olmaz.
Bəzən fasilələr olur, səhhətim hər gün saatlarla yazmağa imkan vermir, amma hər bir halda ya yazıram, ya da sonradan yazmaq üçün içimdə bişirirəm".
Ə. Əylisli Azərbaycanda yeni kitab çap etdirməkdə maraqlı olmadığını deyib:
"Hazırda xaricdə çox kitablarım çıxır. Hətta köhnə əsərlərim də tərcümə olunur və nəşr edilir, onların içərisində elə əsərlər var ki, 80-ci illərdə yazmışam. Hazırda trilogiyam Amerikada tərcümə olunub, yəqin ki, yaxın vaxtlarda nəşr olunacaq.
Başqa ölkələrdə də kitablarım çıxır. Amma Azərbaycanda yeni kitab çıxartmağa son vaxtlar həvəssizəm. Əlbəttə, elə yazılarım var ki, heç latın qrafikasına da çevrilməyib. Düşünürəm ki, həmin əsərlərin əhəmiyyəti varsa, mütləq kimsə ona diqqət yetirəcək. Bu cəhətdən narahatlığım da yoxdur"