“Şəmkirdə Şiştəpə kəndindən olan iş adamı Aydın Musayevin nəvələrinin kiçik toyuna Ebru Gündəşi 200 min dollara gətirməsi haqqında məlumatlar, video-roliklər var. Mən dəqiq deyə bilmərəm ki, Aydın Musayev Ebru Gündəşi neçəyə danışıb gətirib. Hər halda Ebru Gündəş o kəndə böyük miqdarda pul qarşılığında gəlib, yoxsa gəlməzdi".
Asayis.Az xəbər verir ki, bu sözləri açıqlamasında Milli Məclisin deputatı Tahir Kərimli deyib.
O əlavə edib: "Ümumiyyətlə, bu məsələyə əlahiddə kontekstdə də, fərdi məsələ kimi də baxmaq olardı. Mən beş nəvəmi sünnət etdirmişəm, amma heç birinə toy eləməmişəm. Bu adam edirsə, öz şəxsi işidir. Yəni məsələyə bu nöqteyi-nəzərdən baxmaq olardı. Sosial sferadan, ictimai nöqteyi-nəzərdən baxanda, əlbəttə ki, müəyyən narazılıq doğurur. Artıq on illərdir, eşidirik ki, düşmənimiz ermənilər böyük xeyriyyə cəmiyyətləri yaradırlar. ABŞ-da, Avropa ölkələrində, dünyanın hər yerində öz ölkələrinə, millətlərinə yardım edirlər.
Ola bilər, bəlkə də, biz bilmirik, hansısa imkanlı azərbaycanlı da bu və ya digər dərəcədə Vətənə kömək edib, amma leqal şəkildə eşitmədik ki, hansısa azərbaycanlı milyarder Azərbaycana ciddi kömək etsin. Bu, milli təfəkkürün göstəricisi kimi görünür. Axı mən Aydın Musayevi tanımıram. Allah işini avand eləsin, nəvələrinin də toyu mübarək olsun. Amma baxanda doğrudan da fikirləşirsən ki, həqiqətən müharibədən çıxmışıq, nə qədər şəhid ailələrimiz, qazilərimiz, ehtiyacı olan insanlar var. Artıq pul varsa, bu insanlara kömək etmək yaxşı olmazdımı?”
Deputat bildirib ki, vaxtilə o, Həccə getməsi üçün yardım təklifi alıb: “Vaxtilə mənə deyəndə ki, sənin Həcc səfərini təşkil edək, istəmədim. Hətta məşhur din mərkəzi mənə deyirdi ki, səni Həccə yola salaq. Dedim ki, yox. İmkanım olsa, özüm gedərəm, nə üçün başqasının imkanları ilə getməliyəm? İmkanım olsa da, Həcc borcumu Azərbaycanda imkanı olmayana köməklik etməklə yerinə yetirərəm.
Aydın Musayev toy edir-etsin, amma bir gün eşidək ki, hörmətli Aydın müəllim çox ciddi şəkildə - şəhid ailələrinə, qazilərə 200 min dollar olmasa da, 100 min dollarlıq kömək edib. Belə xəbər eşidək ki, ürəyimiz sakitləşsin. Ümumiyyətlə, xaricdə yaşayan azərbaycanlı iş adamlarının Vətənə ciddi yardımlarını görməyə həsrətik. Təkcə mən deyiləm, bütün Azərbaycan cəmiyyəti istəyir ki, öz millətinin ucalığını, böyüklüyünü görsün. Dünyada ən gözəl şey yardımlaşmadır, artıq imkanların varsa, başqasına kömək etməkdir. Hesab etmirəm ki, bu, qeyri-ciddi məsələdir, müzakirə olunmamalıdır. Xeyr, çünki artıq ictimai motivli vəziyyət yaranıb ki, nə üçün biz azərbaycanlılar daha ciddi məsələlərə yardım etmək əvəzinə bu cür şəxsi örnəklər göstəririk?”
Pravda.az