Qanunsuz ağac kəsimləri ilə bağlı qanunvericilikdə müxtəlif məsuliyyət növləri var. Hüquq pozuntusu barədə məlumat daxil olduqda araşdırılır.
Asayis.Az xəbər verir ki, bunu "Ekologiyanın mühafizəsi"adlı mətbuat konfransında çıxış zamanı Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi Elnur Musayev deyib.
O bildirib ki, ilkin olaraq dəymiş ziyanın həcmi dəqiqləşdirilir: "Əgər dəymiş ziyanın həcmi çox böyük deyilsə, inzibati xəta haqqında iş başlanır və protokol hazırlanır. Dəymiş ziyanın həcmi ağır olduqda, daha dəqiq desək qanunvericilikdə bu 1000 manatdan çox ziyan kimi qiymətləndirilir. Bu cür hallarda dəymiş ziyan ağır hesab edilir və fakt barədə cinayət işi açılır. Düşünürəm ki, qanunvericilikdə tətbiq edilən cəza tədbiri görülən qanun pozuntularına müvafiq seçilib və heç də yüngül cəzalar deyil. Bunu bizim statistikaya nəzər saldıqda da görmək mümkündür. Tərəfimizdən tətbiq edilən istər inzibati cərimələr, sanksiyalar, məhkəmə hökmü əsasında verilən cəzalar təsiri bu istiqamətdə qanun pozuntularının azalmasına xidmət edir. Düşünürəm ki, bu istiqamətdə görülən qabaqlayıcı, maarifləndirici tədbirlər də effektini verir. Zərurət yaranarsa, gələcəkdə hu istiqamətdə tədbirlərin ağırlaşdırılmasına baxıla bilər".
E.Musayev məsələnin kökündə məlumatsızlığın dayandığını diqqət çəkib: "Bu sahədə maarifləndirmə işləri artırılmalıdır. Hər problemin həllinin kökündə mütləq mənada maariflənmə dayanır. Düşünürəm ki, bu problemlərin həlli üçün əsas məqsəd maarifləndirilməyə daha çox diqqət etməkdən keçir".