Meyxanaçı Rəşad Əmirovun (Rəşad Dağlı) cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Asayis.Az xəbər verir ki, iyulun 4-də Bakı Ağır Cinayətlər Məhkəməsinində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə baş tutan prosesdə cinayət işində olan sənşdlər tədqiq olunub.
Daha sonra məhkəmə istintaqının tamamlaması barədə qərar qəbul edilib və çıxış etmək üçün pokutor Orxan Səmədova söz verilib.
Prokuror Rəşad Dağlının 11 il müddətinə azadlıqdan mərhum edilməsini təklif edib.
İttihama görə, ötən ilin noyabrın 9-da, saat 05 radələrində 1979-cu il təvəllüdlü İskəndər Mehtiyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılmış araşdırmalarla zərərçəkmişin tanışı, 1984-cü il təvəllüdlü Rəşad Əmirovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək İskəndər Mehtiyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Rəşad Əmirov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
İttiham aktında qeyd edilib ki, əvvəllər dəfələrlə məhkum edilmiş İsgəndər Mehdiyev Rəşad Dağlı haqqında təhqir xarakterli ifadələr səsləndirib, təhqirlərin dayandırılması üçün ondan 3000 manat pul tələb edib.
Bundan sonra Rəşad Dağlı Biləcəri qəsəbəsində yerləşən mağazadan bıçaq alıb.
Noyabrın 8-dən 9-na keçən gecə Rəşad Dağlı İsgəndər Mehdiyevin yaşadığı evin qarşısına gələrək, onu maşınına mindirib, onlar birlikdə gediblər. Hadisə də avtomobilin içində, Qaradağ rayonu, Lökbatan dairəsi adlanan ərazidə baş verib.
Qeyd edək ki, Rəşad Dağlının qətlə yetirdiyi İsgəndər Mehtiyev Cinayət Məcəlləsinin 234.4.3 (külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddəsi ilə uzun müddət həbsdə olub.
O, təxminən hadisədən 15 gün əvvəl cəzasını başa vuraraq azadlığa buraxılıb.
İsgəndər Mehtiyev azadlığa buraxıldıqdan sonra dəfələrlə Rəşad Dağlıya zəng vuraraq onunla mübahisə edib.
Rəşad Əmirov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunur.
Rəşad Dağlıya Cinayət Məcəlləsinin 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə) maddəsi ilə də ittiham verilib.
Demokrat.az