“Alim olarsan, lap akademik də olarsan, amma xalqın dilini bilmək çətin məsələdir”.
Bu fikirləri gecə saatlarında Bakıda zəlzələ təşvişi yaşanarkən təhsil naziri Emin Əmrullayevin sosial şəbəkədə “smaylik”lərlə zəngin yersiz paylaşımına münasibət bildirən Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev Yenicag.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, xalqla işləməyi bacarmayan məmurlar dövlət başçısından nümunə götürməlidirlər:
“Doğrudan da, bəzi məmurlar xalqla məzələnirlər. Emin Əmrullayev gedib təhsillə məşğul olsun, fikrini başqa məsələlərə yönəltməsin. Yaxşı olardı ki, təhsilimizi məhv etməsin, Azərbaycan təhsilini müasir standartlara uyğunlaşdırsın. Görünür ki, bir çox məmurlar belə danışmaqdan, milləti ələ salmaqdan “kayf” alırlar. Yəqin düşünürlər ki, belə də getməlidir… Amma belə getməyəcək. Onların hər sözü, hər hərəkəti xalqda qıcıq yaradır.
Hesab edirəm ki, o məmurlar bu məsələdə özlərini toparlamalıdırlar. Düzgün hal deyil. O “smaylik”ləri düzməklə, nə demək istəyir, başa düşmürəm. Bir yandan da, o məmurların xalqla işləmək təcrübəsi yoxdur. Alim olarsan, lap akademik də olarsan, amma xalqın dilini bilmək çətin məsələdir. Ancaq bu məmurlar eyş-işrət içindədirlər, milləti düşünmürlər. Onlara tək bir söz deyərdim ki, cənab Prezidentdən nümunə götürsünlər. Baxsınlar ki, dövlət başçısı nə qədər millətə bağlı insandır. Hər zaman xalqın içindədir və millət də onu çox sevir. Cənab Prezident hər şeyi düzəldir, yerində olmayan bu məmurlar isə vurub dağıdırlar. Yenə deyirəm, onlar cənab Prezidentdən nümunə götürməlidirlər”.