Azərbaycanda baş vermiş ən dəhşətli zəlzələlər

 Azərbaycanda baş vermiş ən dəhşətli zəlzələlər

Xəbər verdiyimiz kimi, İyulun 4-də Xəzər dənizinin Azərbaycan sahillərində 5,7 bal gücündə zəlzələ baş verib.

Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Zəlzələ yerli vaxtla saat 00:01-də qeydə alınıb.

Məlumata əsasən, yeraltı təkanların episentri Xaçmaz rayonundan 80 kilometr şimal-şərqdə, ocağı isə 20 kilometr dərinlikdə yerləşib.

Azxeber.com ölkəmizdə bu günə qədər yaşanan ən dəhşətli zəlzələlərin siyahısını hazırlayıb.

Alp-Himalay seysmo-aktiv bölgəsində yerləşən Azərbaycanda ilk böyük zəlzələ 5-ci əsrə təsadüf edir. 427-ci ildə Gəncə şəhərindən təqribən 25 km cənub-şərqdə 9 bal gücündə baş verən zəlzələ nəticəsində yüz minlərlə insan həlak olub.

 

700 il sonra, 1139-cu ilin sentyabrın 30-da Gəncədən 50 km cənubda yenidən dəhşətli zəlzələ baş verib. Belə ki, 9 ballıq zəlzələ nəticəsində Kəpəz dağı uçaraq Ağsu çayının qarşısını kəsib və Göygöl, Maralgöl, Ceyrangöl, Ördəkgöl, Zalugölü, Ağgöl, Qaragöl və Şamlıgöl gölləri yaranıb. Kənd və qalalar yerlə yeksan olub. Bəzi mənbələrə görə, 230 min, bəzilərinə görə isə 300 min insan həlak olub.

 

Zəlzələdən sonra Gəncə şəhəri əvvəl yerləşdiyi ərazidən bir az şərqdə yenidən salınıb.

 

1935-ci ildə Gəncədə yenidən böyük dağıntılara səbəb olmuş "Zurnabad zəlzələsi” qeydə alınıb.

 

Azərbaycan tarixində ən dəhşətli zəlzələlər Şamaxı və Bakı şəhərlərində olub.

 

- Şamaxı zəlzələsi 1667-ci ildə 6,9 bal gücündə olub. Zəlzələ nəticəsində 80 min insan dünyasını dəyişib. Bu zəlzələ Azərbaycan tarixində ən dəhşətli zəlzələ kimi qeyd edilir.

 

- Növbəti ən dəhşətli zəlzələ yenə də Şamaxıda 1669-cu ildə 5,7 bal gücündə qeydə alınıb. Zəlzələ nəticəsində 7 min insan dünyasını dəyişib.

 

- Şamaxıda daha bir zəlzələ isə 1902-ci ildə 6,9 bal gücündə olub. Zəlzələ zamanı şəhərin 2 min nəfərdən artıq sakini həlak olub, minlərlə insan yaralanıb, 20 min nəfərədək əhali evsiz-eşiksiz qalıb, 4 min yaşayış evi, 8 qədim məscid, 10-dan artıq mədrəsə, 40 qədim şərq hamamı, onlarla ticarət obyekti, bazar-dükan dağılaraq yerlə-yeksan olub.

 

Bakıda ən güclü zəlzələ isə 2000-ci ildə yaşanıb. Zəlzələ 6,8 bal gücündə olub. Zəlzələ nəticəsində onlarla tikili dağılıb, çat verib, 30 nəfər dünyasını dəyişib.

 

14:38 - 4 İyul 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin