Kultoroloq: “Sanki dövlət bunlardan uşaq dünyaya gətirmələrini tələb edir, “uşaqpulu”nun da başına daş salırlar...”

 Kultoroloq: “Sanki dövlət bunlardan uşaq dünyaya gətirmələrini tələb edir, “uşaqpulu”nun da başına daş salırlar...”

“Fikir verirsinizsə, uşaqpulu tələb edən şəxslərin 99%-i demir ki, mən yaxşı işləmək istəyirəm, iş yerləri olsun, maaşımı artırsınlar, ləyaqətli işlə təmin olunum, Əmək Məcəlləsində göstərilən müvafiq bəndlərə uyğun əmək hüququm qorunsun... Amma uşaqların hesabına yemək-içmək, dolanmaq istəyirlər. Hətta bizdə uşaqlarla bağlı aliment sistemi də çox kəskindir. Bilirsiniz ki, aliment 210 manat, bəzən daha da çox kəsilə bilər. Bütün bunlar əslində uşaqlara dövlətin qayğısının nəticəsi kimi qəbul edilir. Amma valideynlərin çoxu işləmək əvəzinə asan pul mənbəyi axtarır. Nə vaxta qədər biz dövlətin “qucağında” oturmağa çalışacağıq? İnsanlar özləri normal işləmirlərsə, dövlətin “kəbinli qadını” olmaq, dövlətdən dilənmək istəyirlərsə, onlar tənqid olunmalı, ictimai qınağa tuş gəlməlidirlər. Dünyanın heç yerində bu, yoxdur. Yadıma gəlir, Norveç kimi inkişaf etmiş bir ölkədə neft fondunun pulu çox idi deyə fondun pulundan hər kəsə üç min kron verilməsi ilə bağlı referendum keçirildi. Əhali, intellektual səviyyəsi yüksək olan cəmiyyət isə buna qəti etirazını bildirdi, dövlətdən vətəndaşları tənbəl böyütməməyi tələb etdi. Nəticədə həmin puldan imtina olundu. Amma baxın, Azərbaycanda hansısa icra hakimiyyətinin keçirdiyi tədbirdə havayı tort paylanırsa, insanlar bir-birinin üstünə axışırlar, tortu yerə tökməklə əldə etməyə çalışırlar. Müftəxorluq sanki bizim insanların gəlir mənbəyinə, arzusuna çevrilib...”

Asayis.Az xəbər verir ki, bu sözləri açıqlamasında “Yeni Yazarlar və Sənətçilər” İctimai Birliyinin sədri, yazıçı-kulturoloq Aydın Xan Əbilov deyib.

“Fikir verin, hər kəs lotereya oynayır, heç kim işləmək, karyera qurmaq, oxumaq, əziyyət çəkmək istəmir, amma dördotaqlı ev, bahalı maşın, qaraj, istirahət istəyir... Evlənib ailə quranlar ailə, valideyn məsuliyyətini atıb, kənara qoyub, pulsuz xidmətlərlə yanaşı, həm də “uşaqpulu” istəyirlər. Hansı ölkədə bu var? Sözsüz ki, uşaqlar ləyaqətli həyata layiqdirlər. Qonşu ölkələrdə “uşaqpulu” deyilən birbaşa müavinət olmasa da, uşaqların dolanması üçün müəyyən vauçerlər verilir. Bununla apteklərdən dərman, uşaq yeməyi ala bilərlər, özəl xəstəxanalarda uşaqları müalicə etdirə bilərlər, yaxud həmin uşaqpulu kapitalını, uşaq dünyaya gətirilməsi üçün dövlətin verdiyi pulu ipotekanın ilkin kapitalı olaraq qoyub, özləri üçün kreditə ev də götürə bilirlər. Azərbaycanda bu varmı? Azərbaycanda verilən müavinətləri kim öz uşağına, onun sağlamlığına xərcləyir, uşağa kitab alır, onu muzeyə aparır, yaxud ipotekaya qoyub uşağın gələcəyini təmin etmək üçün ev götürür? Ən yaxşı halda həmin pulu bankda xüsusi hesaba yerləşdirib onun faizi ilə uşağın gələcək rifahına çalışırlar. Hamı gələn pulu o dəqiqə özünə, paltarına, yemək-içməyinə, maşının kreditinə və s. xərcləməklə uşaqpulunun başına daş salır. Biz ləyaqətli ailə, valideyn və sağlam uşaq arzulayırıq. Dövlətin də bir nömrəli vəzifəsi uşaqların gələcəyini, gələcək nəslin sağlamlığını düşünməkdir. Bununla bağlı mexanizmlər işləməlidir. Amma bu, insanları dilənçiliyə, ələbaxımlığa, dövlətin “kəbinli arvadına" çevrilməsinə aparıb çıxarmamalıdır. Əksinə, insanlar özləri işləməlidirlər. Uşaqlarını da məcbur etməlidirlər ki, təhsil alsınlar, cəmiyyətdə rəqabətədavamlı vəzifə, peşə sahibi olub, dövlətdən yox, öz əməklərinin, zəhmətlərinin pulu ilə özünü, ailəsini, gələcək uşaqlarını dolandıra bilsinlər. Çünki inkişaf etmiş, savadlı, intellektual, müəyyən bilik və bacarıqlara malik ailə həm də güclü dövlət, cəmiyyət deməkdir. Bunu heç vaxt unutmaq olmaz”, - o deyib.

 

A.Əbilov bildirib ki, dünyada və Azərbaycanda ailələrin, xüsusilə yeni ailələrin dünya gələn uşaqları ilə bağlı çoxlu sayda proqramlar var: “Bu proqramlarda həm gənc ailələrə, həm də yeni ana olmuş qadınlara, hətta atalara belə bir-üç il ərzində müxtəlif yardımlar edilir. Azərbaycanda da yeni doğulmuş uşaqlarla bağlı dövlətin çox böyük sosial proqramları var. Yalnız atalı-analı uşaqlar yox, tək ata, yaxud ananın himayəsində uşaq varsa, xüsusən azyaşlıdırsa, onunla bağlı 100-dən çox təqaüd, müavinət və s. verilir. Bilirsiniz ki, bizdə uşaqlar 18 yaşa kimi icbari tibbi sığorta ilə əhatələnirlər, onlara pulsuz tibbi xidmətlər göstərilməlidir. Uşaqların bağçada, dövlət himayəsində olan məktəblərdə, uşaq evlərində, internat məktəblərində, SOS tipli uşaq kəndlərində təmannasız yaşamaları, hətta ata-anasız uşaqların uşaq evindən çıxandan sonra işlə təmin edilməsi, onların dövlət tərəfindən mənzillə təmin edilmələri məsələləri, sosial müavinətlər almaları ilə bağlı güzəştlər var. Övladlarımız 11 il orta məktəbi, 4 il ali məktəbi, aspirantura, doktoranturanı da dövlət heabına oxuya bilərlər. Əgər istedadlıdırlarsa, tənbəl deyillərsə, oxuyurlar. Bütün bunlar uşaqları əhatə edən dövlət qayğısıdır. Hətta dövlət bir çox hallarda ildə dörd dəfə atasız-anasız uşaqlara paltar, atası, ya anası vəfat edən uşağa 120 manat pul da verir. Bununla yanaşı, insanlar özləri işləmədən dövlətdən hər doğulan uşağa görə pul tələb edirlər. Sanki dövlət bunlardan ailə qurub uşaq dünyaya gətirmələrini tələb edir. Həmin dəqiqə deyirlər ki, uşaq dünyaya gətirmişiksə, ayrıca uşaqpulu verilməlidir...” 

Pravda.az

16:09 - 31 May 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin