Bakıda şadlıq evinin qarşısında kütləvi dava olub.
Asayis.az Xəzər TV-yə istinadla xəbər verir ki, hadisə paytaxtın Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən "Təbrik Palace" restoranının qarşısında baş verib.
Sakinlər belə hadisələrin tez-tez baş verdiyini, bundan əlavə, restoranda keçirilən şənliklər zamanı ətrafa yayılan səs-küydən narahat olduqlarını bildirirlər. Onlar həmçinin iddia edirlər ki, toylar başlayan kimi nə avtomobillərini normal park edə, nə də mənzillərində rahatlıq tapa bilirlər.
Sakinlərin iddialarını restoranın direktor müavini Elçin Abbasxanov cavablandırıb:
"Son hadisənin əks olunduğu videoda restoran işçiləri ilə müştəri arasında baş verən dava görüntülənməyib. Bu hadisə toydan sonra sərxoş qohumlar arasında baş verib. Biz də müvafiq qurumlara dərhal məlumat verdik, sakinlərdən yaranmış narahatlığa görə üzr istəyirik. İnanırıq ki, bir də baş verməz".
DİN-in Mətbuat Xidmətinin əməkdaşı, polis baş leytenantı Cəsarət Qənbərli bildirib ki, paytaxtın Xətai rayonunun Məhəmməd Hadi küçəsində bir qrup şəxs arasında baş vermiş insidentlə bağlı ərazi polis şöbəsinə məlumat daxil olub. Polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib və şahidlər dindirilib. Hazırda hadisənin bütün hallarının və başvermə səbəblərinin tam, hərtərəfli araşdırılması istiqamətində zəruri təhqiqat tədbirləri davam etdirilir.
