Azərbaycanın Ermənistana beş bəndlik ilkin şərt təqdim etdiyi haqda məlumat ölkə mediasında yer alıb və böyük müzakirələrə səbəb olub.
Erməni mətbuatı ("armday.am") da artıq bu məsələyə geniş yer ayırıb və Azərbaycanın 5 şərt irəli sürməsi İrəvanda böyük səs-küyə səbəb olub. Ermənilər hesab edirlər ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və azərbaycanlı həmkarı Ceyhun Bayramov Antalyada keçiriləcək diplomatik konfrans çərçivəsində görüşə bilər və əsas müzakirə mövzusu "sülh müqaviləsi"nin imzalanması olmalıdır. Mövzuya beynəlxalq ekspert, "Orbeli" mərkəzinin keçmiş eksperti Andranik Hovhannisyan da toxunub. O, beş bəndlik ilkin şərtlərin nədən ibarət olacağı haqda fikirlərini ifadə edib:
1.Azərbaycanın ərazi bütövlüyünün Ermənistan tərəfindən tanınması, o cümlədən Qarabağa hər hansı iddiadan imtina edilməsi;
2.Ermənistan qoşunlarının anklavlardan çıxarılması; ( Kərki və Qazaxın 5 kəndi nəzərdə tutulur)
3.Ermənistan-Azərbaycan sərhədinin demarkasiyasının 1970-ci il Sovet xəritəsi əsasında aparılması;
4."Zəngəzur dəhlizi"nə xüsusi statusun verilməsi də daxil olmaqla, nəqliyyat əlaqələrinin blokdan çıxarılması;
5.Azərbaycanlı qaçqınların Ermənistana qayıtması və ya onlara dəyən maddi ziyanın ödənilməsi imkanlarının müzakirə edilməsi;
Xatırladaq ki, xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanın Ermənistana münasibətlərin normallaşması ilə bağlı 5 maddədən ibarət sənəd göndərdiyini və qarşı tərəfdən cavab gözlədiyini açıqlayıb...