Çevik Polis Alayının “addelkadr”ı işə düzəltmək adıyla vətəndaşın pulunu mənimsəyib

 Çevik Polis Alayının “addelkadr”ı işə düzəltmək adıyla vətəndaşın pulunu mənimsəyib

Bakıda polis əməkdaşı vəzifəsindən sui-istifadə edərək vətəndaşları aldadıb, onların xeyli miqdarda pulunu ələ keçirib. 

Məlumata görə, hadisə 2020-ci ilin sentyabrında baş verib. Belə ki, Çevik Polis Alayının (ÇPA) kadrlar şöbəsinin əməkdaşı, baş serjant Cəlal Quliyev (soyad şərtidir) Hacımurad Sultanovu (soyad şərtidir) Əlahiddə ÇPA-da polis kimi işə düzəldəcəyinə inandırıb. Əvəzində isə onun 11 900 manat pulunu ələ keçirib. Bir müddət sonra işdən heç bir bir xəbər çıxmadığını görən H.Sultanov aldadıldığını anlayıb və şikayət edib. Dələduzluq hadisəsini törətməkdə təqsirli bilinən Cəlal Quliyev barəsində cinayət işi başlanıb və o həbs edilib.

Təqsirləndirilən C.Quliyev Məhkəmədə bildirib ki, tutduğu əməldən heç kimin xəbəri olmayıb və o peşmandır: “2012-ci ildən DİN-də polis baş serjantı rütbəsində çalışmışam. Mən orada kadrların işçisi kimi işə qəbul olmaq istəyən gənclərin ərizələrini qəbul edirdim. Onların qəbul sənədlərini, şəxsi məlumatlarını yoxlayıb, əlavə sənəd lazım olduğu təqdirdə onlara deyirdim. 2020-ci ilin avqustunda iş yoldaşım Fariz mənə dedi ki, bir qohumu burada işə düzəlmək istəyir və mənim köməyim lazımdır. Sentyabrda Fariz özü ilə Hacımuradı gətirdi və biz görüşdük. Ondan boyunu və həbs həyatı yaşamış qohumunun olub-olmadığını soruşdum. O da bildirdi ki, boyu 178 sm-dir. Eyni zamanda atası da həbsdə olub. Ona bildirdim ki, bunları həll edə bilərəm, amma 7 min dollar verməlidir. Onlardan həmin pulu aldıqdan sonra öz problemlərimin həlli üçün sərf etdim. Özüm də əvvəldən bilmirdim ki, iş alınmayacaq. Bu barədə işdə heç kimin xəbəri olmayıb. Aldığım puldan da heç kimə verməmişəm”.

Məhkəmədə zərərçəkmiş Hacımurad Sultanovun atası ifadə verib. O bildirib ki, Cəlal Quliyevə verdikləri pulu borc alaraq düzəldiblər: “Oğlum əsgərlikdən gələndən sonra satıcılıqla məşğul idi. Daha sonra qərara gəldik ki, onu polis işinə düzəltdirək. Bu barədə tanışımız Farizə dedik. O da bildirdi ki, iş yoldaşı Cəlal bu işdə bizə kömək edə bilər. Cəlalla tanış olub danışdıqdan sonra bu iş üçün 7 min dollar lazım olacağını demişdi. Biz də məbləğin bir hissəsini kredit götürərək, qalanını isə baldızımdan borc alaraq düzəltdik.

Amma heç kimə bu iş barədə bir söz deməmişdik. Cəlal da bizə dedi ki, iş alınacaq. Amma 3 ay hələ yoxlamalar, araşdırmalar aparılacaq. 3 ay keçəndən sonra ondan bir xəbər gəlmədi. Onunla əlaqə saxlamaq istədikdə isə nömrəsinə zəng çatmadı. Bundan sonra Fariz bizə dedi ki, Cəlal işdən çıxıb. Ev ünvanını öyrənib getdik. Bizə imkanının olmadığını və pulu qaytara bilməyəcəyini dedi. Mən də bildirdim ki, ona verdiyimiz pulu kredit götürmüşük, indi də ödəyə bilmirik. Bizə vurduğu ziyanı ödəməli, cəzasını çəkməlidir”.

Bakı şəhər Xətai rayon məhkəməsinin hökmü ilə polis baş serjantı 2 il 9 ay müddətinə azadlıqdan məhrum edilib. Bundan əlavə, ondan maddi ziyana görə 11 176 manat tutularaq zərərçəkmişə ödənilməsi barədə qərar verilib.//qafqazinfo

19:34 - 7 Yanvar 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin