“Nə pasportlar, nə uşaqların sənədləri qaydasındadır” - Səfirdən irad

 “Nə pasportlar, nə uşaqların sənədləri qaydasındadır” - Səfirdən irad

“İnsanlar həddindən artıq çoxdur. Sərhədi keçərək, Moldovaya gəliblər. Bizim səfirliyin orada nümayəndələri var ki, bizim vətəndaşlara kömək etsinlər”.

Bunu “Xural” TV-nin canlı yayımında Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanov təxliyələrdən danışarkən deyib.

O bildirib ki, vətəndaşların əksəriyyətinin sənədləri doğru deyil:

“Ona görə Ukrayna sərhəd məntəqəsində əməkdaşlar onları buraxmırlar. Moldova tərəfi də qəbul etmir. Bizim əməkdaşlar özlərinin iştirakı ilə zamin duraraq onları buraxdırırlar.

Təəssüf edirəm ki, orada yaşayan azərbaycanlılar illər ərzində sənədlərini qaydasına salmayıblar. Nə pasportlar, nə uşaqların sənədləri qaydaslndadır. Böyük biabırçılıqdır. Bizə əlavə çətinlik yaradır, çünki sənədlər olmadığı halda, nə təyyarəyə minə bilirlər, nə başqa dövlətlərin sərhəd məntəqələrini keçə bilirlər ki, vətənə qayıtsınlar”.

Səfir sənədlərin nizamlanması ilə bağlı sualı da cavablandırıb:

“Biz sənədləri veririk. Bizim əməkdaşlarımız 24 saat o sənədləri yazıb verir. Uzun növbələr yaranır. Çünki insanlar həddindən artıq çoxdur.

Bundan başqa, təşvişə düşərək, keçirlər. Moldova kasıb ölkə olduğundan bu qədər insanı qəbul edə bilmir. Prezidentimizin tapşırığı ilə hər gün 170 nəfər tutumlu bir təyyarə vətəndaşlarımızı ölkəyə qaytarır".

Q.Osmanovun sözlərinə görə, Moldovada hava məkanı bağlıdır:

"Vətəndaşları Rumıniyaya aparırıq. Çox çətindir. Vətəndaşları avtobuslara mindirərkən özlərini çox pis aparırlar. Bir-birini didməyə hazırdırlar. Biz öncədən siyahı hazırlasaq da, avtobusun üstünə çökürlər. Biabırçılıq, utandırıcılıq ondan ibarətdir ki, mən gün ərzində onların problemini həll etməkdən yorulmuşam. Bir çoxları içirlər, sərxoş vəziyyətdə ona-buna sataşırlar.

Burada hər millətin nümayəndəsi var. Sığınacaq məntəqələrinin rəhbərləri ancaq mənfi tərəflərimizdən danışırlar.

Onlara nə qədər diqqət edirsən, yaxşılıq edirsən, onlardan o qədər pis cavab alırsan. Amma problem deyil. Biz dövlət nümayəndəsi olaraq məcburuq iradəmizlə dözək, səbrli olaq".

O əlavə edib ki, bütün ölkələr vətəndaşlarının bilet pulunu özlərindən alırlar:

"Onlar öz pulları ilə gedirlər. Yeganə Azərbaycan dövlətidir ki, vətəndaşlarını pulsuz aparır".

Səfir sabahdan başlayaraq gündə iki reyslə 340 nəfərin aparılacağaını deyib:

"Qəddarlıq etməyə məcbur oluram. Təyyarəyə ancaq körpələr, qadınlar, qocalar, əlilliyi olan şəxslər, ciddi xəstəliyi olanlar mindirilir. Bu da çox çətin haldır. Çünki digərləri təyyarəyə minməyə cəhd edir. Buna icazə vermirik. Belə olanda münasibətlərdə gərginlik yaranır.

Prezidentin verdiyi tapşırığa görə vətəndaşlarımızı vətənə qaytarırıq. Bütün qurumlar məsələlərlə məşğuldur. Mənə Azərbaycanın bütün nazirlikləri və dövlət qurumları dəstək göstərirlər. Prezidentimiz bütün qurumlara tapşırıq verib. XİN ilk gündən bu məsələni koordinasiya etdi. XİN vizaların götürülməsini təmin etdi”.

23:58 - 4 Mart 2022

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin