Abşeron Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində rayonun Masazır qəsəbəsində narkotik vasitələrin satışı ilə məşğul olan daha bir nəfər saxlanlılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, əməliyyat zamanı qəsəbə ərazisində yaşayan Dünya Qasımova tutulub. Onun əlində olan çantaya və yaşadığı evə baxış zamanı 1 kiloqram 27 qram nakotik vasitə olan heroin və psixotrop maddə metamfetamin aşkar edilib. Araşdırma zamanı müəyyən edilib ki, saxlanılan şəxs Masazır qəsəbəsindəki evində narkotik vasitə istifadəçiləri üçün tiryəkxana təşkil edib. Orada Dünya Qasımova narkotik vasitələri satdığı şəxslərə heroin və metamfetamin qəbul etmək üçün şərait yaradıb.
İdarə əməkdaşları tərəfindən həyata keçirilən daha bir əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan paytaxt sakini Sənan Osmanov Xırdalan şəhəri ərazisində saxlanılıb. Onun üzərinə baxış zamanı 1 kiloqram marixuana aşkar olunub. Sənan Osmanov ifadəsində narkotik vasitəni satmaq və şəxsi istifadəsi üçün əldə etdiyini bildirib.
Sonuncu əməliyyatlar zamanı saxlanılan Dünya Qasımova və Sənan Osmanovun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, istintaq tədbirləri davam etdirilir