"Rusiyanın Ukraynaya hücumu dəhşətlidir. Ukrayna xalqı üçün dua edirik".
Bunu ABŞ-ın sabiq prezidenti Donald Tramp bildirib.
Tramp Floridada keçirilən 2022-ci il Mühafizəkar Siyasi Fəaliyyət Konfransındakı (CPAC 2022) çıxışında Rusiyanın Ukraynaya hücumu ilə bağlı açıqlama verib.
O, Vladimir Putinin Co Baydenin zəifliyindən istifadə edərək Ukraynaya hücum etdiyini deyib:
"Putin Baydenlə təbilçi kimi oynayır. Əgər 2020-ci ildəki seçkilər saxtalaşdırılmasaydı və mən yenidən prezident olsaydım, bu dəhşətli fəlakət heç vaxt baş verməzdi. Mövcud ABŞ hakimiyyəti axmaqdır. Biz əvvəllər ağıllı ölkə idik, amma indi axmaq ölkə olmuşuq".
Donald Tramp Rusiyanın Corc Buşun dövründə Gürcüstanı, Barak Obamanın dövründə isə Krımı işğal etdiyini xatırladıb.
“21-ci əsrdə yeganə ABŞ Prezidentiyəm ki, mənim dövrümdə Rusiya başqa bir ölkəni işğal etməyib”, - o, əlavə edib.