Cəmiyyətdə boşanmış qadınların ikinci dəfə ailə həyatı qurmasına münasibət birmənalı deyil. Bəzən insanlar xüsusilə qız övladı olan qadınların növbəti evliliyinə pis baxır. Onların ikinci evliliyinin uğursuz olacağı iddia edilir. Bəziləri isə bunu haqsız və qərəzli yanaşma hesab edir. Bəs görəsən, ikinci dəfə ailə quran qadınlar həqiqətənmi xoşbəxt ola bilmirlər? Mövzu ilə bağlı Yenisabah.az-a danışan müğənni Afət Fərmanqızı bildirib ki, hər bir qadın xoşbəxt olmağa layiqdir:
“Hər bir xanımın haqqı var ki, xoşbəxt olsun. Bu xanım istər subay olsun, istər boşanmış, fərq etmir. O ki, qaldı bu evliliyin uğursuz olub-olmayacağına, bu, qismətdir, öncədən bunu proqnozlaşdırmaq olmur. Mən hər zaman bunu qarpıza bənzədirəm, alırsan, içi necədir yalnız kəsəndə bilirsən. Bəzən iki il nişanlı qalan cütlüklər olur, onlar evlənəndə 3 gündə bir-birini daha yaxından tanıyır, qərar verir ki, yox, sən demə, bu adam mənlik deyilmiş və ayrılırlar. Bu məsələlərə yanaşma bizim cəmiyyətdə bir qədər fərqlidir. Məsələn, Avropada oğlanla qız birlikdə yaşayır, bir-biri ilə yola gedə bilirlərsə, sözləri tutursa, sonda evlilik olur. Amma bizdə bəzən heç toy gününə qədər bir-birini görmürlər. Hər cəmiyyətin öz qayda-qanunları var”.
Bir müddətdir Moskvaya köçən sənətçi qeyd edib ki, savadlı cəmiyyətdə qadınların evlənib-boşanması kimi elementar məsələlər müzakirə obyektinə çevrilmir:
“Boşanmış qadınların yenidən ailə qurmasına normal baxıram, məsələyə dünyəvi yanaşıram, ona görə bu müzakirələr mənə gülməli görünür. İndi də Moskvada yaşayıram, burada cəmiyyət belə məsələlərdə bizimkinə nisbətən daha çox inkişaf edib. Burada “Mən ikinci dəfə, beşinci dəfə ərə getdim camaat nə deyər?” düşüncəsi yoxdur, insanlar aya uçmağı, orada necə ev tikməyi və bu kimi qlobal məsələləri düşünürlər. Geyim, camaatın nə deyəcəyi kimi bəsit şeyləri müzakirə etmirlər. Bizim cəmiyyətdə isə hələ də savadsızlıq hökm sürür, ona görə bu tip məsələlər aktuallığını qoruyub saxlayır. Təəssüf ki, bu gün Azərbaycan cəmiyyətində savadsızlıq hökm sürür. Sovet dövründə hamı kitabxanalarda yatırdı. Mən özüm də elə idim, bütün günü əlimdə kitablar olurdu. Yəqin ki, sovet dövrünü görmüş insanlar bunu xatırlayar. Hazırda insanlar günlərini ya barlarda keçirir, ya da “TikTokda” təhqiramiz fikirlər səsləndirirlər. Bu cür cəmiyyətdə isə boşanmış qadınların yenidən evlənməsi kimi primitiv məsələlər gündəmdə olur. Mən arzu edirəm ki, kitabxanalarımız fəaliyyətini gücləndirsin, insanlar yenidən kitaba meyillənsinlər, elmli adamlar çoxalsın. Bilirsiniz, cəmiyyət savadlı olduqda orada yaşamaq da asan olur. Məsələn, mən savadsız cəmiyyətdə yaşaya bilmədim, bacarmadım. Hələ mən şou-biznes sahəsində idim, kimlə söhbət edim? Adicə sosial şəbəkələrə girin, məşhurların yazı tərzinə baxın, görün, vəziyyət necədir. Savadlı yazanların çoxu da ona-buna yazdırır. Elementar bir misal deyim, məşhurların çoxu saat sözünü belə düzgün yaza bilmirlər, “sat” yazırlar. O qədər savadsızlıq var ki, bilmirsən kiminlə danışasan, kiminlə söhbət edəsən...
Sonra da həmin adamlar başlayırlar sənə ağıl öyrətməyə, şərhlər yazmağa, indi gəl, bunlara cavab ver”.