"Küçədə adama elə insanlar yaxınlaşıb pul istəyirlər ki..." - Sosioloq onları qınadı

Dilənçilik günümüzün aktual problemlərindən biridir. Xüsusilə cavan yaşda, sağlamlıq vəziyyəti qaydasında olan insanların dilənməyi problemin ciddiliyindən xəbər verir. Bəziləri işləmək əvəzinə pul qazanmaq üçün bu yolu seçirlər. Hətta təklif olunan işlərə ağız büzüb maaşının az olduğunu, dilənməklə daha çox qazandıqlarını deyirlər. Bəs, problemin kökü nədən qaynaqlanır? 

“Dilənçiliyin əvvəllər ayıb hesab olunduğu cəmiyyətdə indi insanlar qürurla dilənirlər. Bunu gizlətmək ehtiyacı duymur, bundan utanc keçirmirlər. Özlərini dilənməkdə haqlı hesab edirlər”. 

Bu fikirləri Demokrat.az-a açıqlamasında sosioloq Lalə Mehralı deyib. Ekspert xüsusilə onlayn dilənçiliyin narahatlıq doğurduğunu deyib:

“Bəzi insanlar özlərinə hesab açır, kart paylaşır, ehtiyacı olduğunu, işsiz olduğunu və ya xəstəliyini bəhanə edərək onlayn dilənçiliklə məşğul olurlar. Küçədə adama elə insanlar yaxınlaşıb pul istəyir ki, geyiminə, səliqəsinə, saçına baxanda görürsən ki, bu insan sadəcə pulu bu yolla qazanır, dilənmək onun üçün asan gəlir mənbəyidir. Hətta bu cür insanların çoxluğu həqiqətən ehtiyac içində olan insanları pərdələyir, onlar arxa planda qalırlar. Köməyə ehtiyacı olan, işləmək iqtidarında olmayan insanlara yardım edə bilmirik, əlimiz çatmır. Fırıldaqçı, insanların mərhəmət duyğusundan istifadə edən insanlar o qədər çoxdur ki, həqiqi ehtiyac sahiblərini görə bilmirik. Qürüru, özünə dəyər hissi olmayan insanlar üçün dilənmək asandır. Qürurlu insan dilənməz, gedər ən ağır işlərə qatlanar, alnının təriylə pul qazanar. Bir halda ki sağlamsan, fiziki məhdudiyyətin yoxdur, bu halda dilənçilik etmək özünə dəyər verməmək, qürursuzluq deməkdir”.
 

16:45 - 16 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin