Fevralın 18-də saat 01 radələrində Nərimanov rayonu ərazisində 1990-cı il təvəllüdlü Şahin Bayramov və 1992-ci il təvəllüdlü Fərid Əlirzayev aldıqları bıçaq xəsarətlərindən ölüblər.
Prokurorluqdan verilən məlumata görə, araşdırmalarla Nərimanov rayonu, Təbriz küçəsində bir qrup şəxs – bir tərəfdən Şahin Bayramov və Fərid Əlirzayev, qarşı tərəfdən isə Nurani Məmmədov və digər şəxslər arasında kəsici-deşici alətlərdən istifadə edilməklə yaranmış münaqişə zəminində qərəzli xuliqanlıq hərəkətləri nəticəsində aldıqları xəsarətlərdən Şahin Bayramov və Fərid Əlirzayevin ölmələri müəyyən olunub.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.2.7 (iki və ya daha çox şəxsi öldürmə) və 221.3-cü (silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq etmə) maddələri ilə cinayət işi başlanıb. Nurani Məmmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda cinayət işi üzrə tam, hərtərəfli və obyektiv istintaq aparılmaqla təqsirli şəxslərin dairəsinin müəyyən edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.