Ölkəmizdə rəhbərliyi ən çox rotasiya edilən icra orqanlarından biri də Xarici İşlər Nazirliyidir. Azərbaycan diplomatiyasından məsul olan nazirliyə bu günə də 7 fərqli nazir rəhbərlik edib. Hal-hazırda bu vəzifəni Ceyhun Bayramov icra edir. O, 2020-ci il iyulun 16-dan bəri xarici işlər naziridir.
Ceyhun Bayramovdan öncə isə 6 xarici işlər nazirimiz olub.
Asayis.Az xəbər verir ki, Bizim.Media sabiq xarici işlər nazirlərinin harada olduqlarını araşdırıb.
Hüseynağa Sadıqov
Müstəqil Azərbaycanın ilk xarici işlər naziri Hüseynağa Sadıqov olub. O, 1991-ci il fevralın 5-dən, 1992-ci il mayın 29-dək müvafiq vəzifəni icra edib. H.Sadıqov hələ SSRİ dönəmində Almaniya Demokratik Respublikasındakı Baş Konsulluğunda və Berlindəki səfirliyində diplomatik vəzifələrdə çalışıb. Xarici işlər naziri vəzifəsindən azad edildikdən sonra 1992-ci ildə Azərbaycan Respublikasının Almaniya, İsveçrə, Belçika, Niderland, Lüksemburq və Avstriyadakı Fövqəladə və Səlahiyyətli Səfiri vəzifəsinə təyin olunub və 2005-ci ilə qədər bu vəzifədə qalıb.
H.Sadıqov Almaniya Azərbaycan arasında dostluq və strateji əməkdaşlığın inkişafındaki xidmətlərinə görə 2006-cı ildə Almaniya Prezidenti tərəfindən Almaniyanın dövlət mükafatı- "Böyük Xidmət Xaçı" Ordeni ile təltif edilib. Hal-hazırda Azərbaycanda yaşamağa davam edən sabiq məmur, hər hansı dövlət vəzifəsi tutmur.
Tofiq Qasımov
Hüseynağa Sadıqovu xarici işlər naziri postunda Tofiq Qasımov əvəz edib. O, 4 iyul 1992-ci ildən, 26 iyun 1993-cü ilədək bu vəzifəni tutub. Müsavat partiyasının qurucularından olan T.Qasımov nazir vəzifəsindən getdikdən sonra bu partiyada siyasi fəaliyyətinə davam edib. 1996-cı ildə Türkiyəyə mühacirət edən ixtisasca fizik olan sabiq nazir bir sıra universitetlərdə çalışıb. Ömrünün sonrakı illərini Norveç və İsveçrədə keçirən alim, 2020-ci ilin 26 yanvarında vəfat edib.
Həsən Həsənov
2 sentyabr 1993 – 16 fevral 1998-ci illərdə Azərbaycanın xarici işlər naziri Həsən Həsənov olub. Daha əvvəl baş nazir postunu tutan H.Həsənov, xarici işlər naziri vəzifəsindən azad edildikdən sonra da diplomatik fəaliyyətlə məşğul olub. 2004-2010-cu illərdə Polşadakı, 2010-2021-ci illərdə isə Macarıstandakı səfirimiz olub. Hazırda 82 yaşı olan sabiq baş nazir hər hansı vəzifəni tutmur.
Tofiq Zülfüqarov
H.Həsənovu xarici işlər naziri vəzifəsində Tofiq Zülfüqarov əzəv edib. 1998-ci il aprelin 5-də xarici işlər naziri təyin edilib. 1998-ci ildə keçirilən prezident seçkilərindən sonra hökumətin yenilənən tərkibində də Zülfüqarov eyni vəzifəni icra etməyə davam edib. Lakin 1999-cu ilin oktyabrında T.Zülfüqarov xarici işlər naziri vəzifəsindən istefa verib. Hal-hazırda müstəqil siyasi ekspert kimi fəaliyyətinə davam edir.
Vilayət Quliyev
1999-2004-cü illərdə Azərbaycanın xarici işlər nazirimiz məhz Vilayət Quliyev olub. V.Quliyev 2004-cü ildən etibarən fasilələrlə müxtəlif ölkələrdə səfir kimi fəaliyyət göstərib. O, 2004-2010-ci illərdə Polşa, 2010-2021-ci illərdə isə Macarıstanda Azərbaycanın fövqəladə və səlahiyyətli səfiri olub. 2022-ci ilin mayında isə Azərbaycanın Bosniya və Herseqovinada fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyinat alıb. Hal-hazırda da bu vəzifəni icra edir.
Elmar Məmmədyarov
2003-2004-cü illərdə Azərbaycanın İtaliyadakı səfiri olmuş Elmar Məmmədyarov Vilayət Quliyevdən sonra xarici işlər naziri təyin edilib. O, XİN rəhbərliyində ən uzun müddət qalmış nazirdir. 2020-ci ilin 16 iyulunadək xarici işlər naziri vəzifəsini məhz E.Məmmədyarov icra edib. Vəzifədən azad edildikdən sonra da Azərbaycanda yaşamağa davam edən Elmar Məmmədyarov hazırda hər hansı dövlət vəzifəsində çalışmır.