Generalın müəmmalı qətlindən 13 il keçir

 Generalın müəmmalı qətlindən 13 il keçir

Bu gün Müdafiə nazirinin sabiq müavini, Hərbi-Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının (HHQ HHMQ) keçmiş komandanı general-leytenant Rail Rzayevin qətlə yetirilməsinin 13-cü ildönümüdür. 

Rail Rzayev 11 fevral 2009-cu ildə səhər saatlarında Yasamal rayonunun İsmayıl bəy Qutqaşınlı 125 ünvanında yerləşən evinin yaxınlığında qətlə yetirilib. Qatil generalın baş nahiyəsində atəş açıb. Həmin vaxt Rail Rzayevin maşını həmin küçənin başındakı zibil qutularının dayanıb. Sürücüsü zibil torbasını qutuya atmaq üçün maşından düşüb. Hadisə sürücü zibili atmağa gedərkən baş verib.

Rail Rzayevin qətli ilə bağlı müxtəlif versiyalar səsləndirilsə də, heç biri rəsmi təsdiqini tapmayıb. Generalın qatili də indiyə qədər yaxalanmayıb. Yəni, faktiki olaraq bu cinayətin üstü açımamış qalıb. 13 il ötməsinə baxmayaraq, hələ də Rail Rzayevin niyə və kim(lər) tərəfindən qətlə yetirilməsi barədə suala aydınlıq gəlməyib.

Hadisə baş verəndən bir müddət sonra o zamankı Baş prokuror Zakir Qaralov jurnalistlərə açıqlamasında Rail Rzayevin qətlindən dərhal sonra onun iş otağına qanunsuz müdaxilə olunduğunu və oradan bəzi maddi əşyaların oğurlandığını bildirib. Generalın köməkçisi Aydın Rəfiyev başda olmaqla bir neçə şəxsin bu qanunsuz əməllərin gizlədilməsində iştirak etdiyini vurğulayan Zakir Qaralov onların bu əməllərinə görə həbs olunduqlarını qeyd edib. Baş prokuror həmçinin saxlanılan şəxslərin generalın qətlində bilavasitə iştirakının olub-olmamasının da araşdırıldığını qeyd edib.

2010-cu ilin noyabrında Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmənin qərarı ilə Aydın Rəfiyev 9, onun oğlu Anar Rəfiyev 7 il 6 ay, generalın yavəri Anar Həşimov isə 7 il müddətinə azadlıqdan məhrum ediliblər. Rail Rzayevin qatili isə hələ də müəyyən edilməyib.

16:32 - 11 Fevral 2022

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin