Ford 40-milyonuncu F-Series pikapını buraxıb

 Ford 40-milyonuncu F-Series pikapını buraxıb

Ford pikapları son 45 ildə ABŞ bazarındakı ən populyar pikaplardır və ənənəvi olaraq, son 40 ildə satış reytinqlərinə başçılıq edirlər.

Bununla yanaşı, Ford şirkəti tarixindəki növbəti əlamətdar hadisəni qeyd edir - F-150 pikapının 40 milyonuncu nüsxəsi buraxılıb. Gümüş rənginə boyanmış kuzova və Tremor təchizat səviyyəsinə malik olan pikap Miçiqandakı Dearborn Truck Plant zavodunun konveyerini tərk edib və Texas ştatındakı alıcıya göndəriləcəkdir.

F-Series pikapları “Mavi Ovalın” çeşidində 75 il bundan əvvəl, 1947-ci ildə peyda olublar. Hazırki nəsil artıq 14-cü sayılır və 2020-ci ilin yayında debüt edib. Pikaplar əvvəlki kimi rama konstruksiyasına malikdirlər və geniş mühərrik çeşidini təklif edirlər - adi daxili yanma mühərriklərindən tutmuş elektrik qurğularına qədər. ABŞ-da baza modeli birsıralı kabini, arxa ötürməsi, 294 at qüvvəsi və 350 Nm fırlanma anı hasil edən 3,3-litrlik V6 mühərriki, 10-pilləli “avtomatı” və 29.900 dollar qiyməti olan F-150 XL versiyası hesab olunur.

F-150 pikapının mühərrik çeşidində 2,7-litrlik (330 at qüvvəsi və 542 Nm) və 3,5-litrlik (406 at qüvvəsi və 678 Nm) altısilindrli EcoBoost biturbomühərrikləri, 5,0-litrlik (406 at qüvvəsi və 556 Nm) səkkizsilindrli atmosfer mühərriki və 3,5-litrlik turbomühərrikə əsaslanan PowerBoost Full Hybrid (436 at qüvvəsi və 773 Nm) hibrid güc qurğusu var.

Ford F-150 Lightning və F-150 Raptor versiyaları isə ayrı sıradadırlar. Elektrik pikapı 570 at qüvvəsi və 1051 Nm fırlanma anı hasil edən ikimühərrikli güc qurğusu ilə təklif edilir. F-150 Raptor modelinin kapotunun altında isə 456 at qüvvəsi və 692 Nm fırlanma anı hasil edən Hight-Output versiyasındakı 3,5-litrlik V6 EcoBoost mühərriki yerləşir. 3.0-litrlik V6 Power Stroke dizeli təqaüdə göndərilib və onu faktiki olaraq hibrid güc qurğusu əvəzləyib.

F-150 pikapı baza XL versiyasından başqa, Lariant və King Ranch təchizatlarında, habelə qiyməti 74.335 dollar olan lüks Limited versiyasında təklif edilir. Yubiley avtomobili olan F-150 Tremor yolsuzluq versiyası yalnız dördqapılı SuperCrew kabini, qısa yük platforması, 3,5-litrlik turbomühərrik, 10-pilləli “avtomat” və tam ötürmə ilə təchiz edilir. Belə pikaplarda başqa yay və amortizatorlardan istifadə olunur, əlavə olaraq, onların standart təchizatına arxa differensialın kilidlənməsi və F-150 Raptor modelindən götürülmüş paylayıcı qutu daxil edilib.

Keçən il Ford ABŞ-da 1.819.026 avtomobil satıb ki, onlardan 1.011.198 ədədi pikaplardır. F-Series modelləri 726.004 ədəd satılıblar. İkinci yeri Ranger (94.755 ədəd), üçüncü yeri ilə Maverick hibridi (13.258 ədəd) tutub.//autograf

 


15:29 - 28 Yanvar 2022

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin