“Vəziyyətin belə acınacaqlı hal almasında erməni diasporunun böyük rolu var“ - Hulusi Kılıç

 “Vəziyyətin belə acınacaqlı hal almasında erməni diasporunun böyük rolu var“ - Hulusi Kılıç

Paşinyanın son müsahibəsində diaspor və “soyqırım” məsələsi ilə bağlı verdiyi açıqlamalarında reallıq var. Ermənistan bundan sonrakı mərhələdə diasporla münasibətlərinə diqqət yetirməlidir. Əlbəttə, diasporla əlaqə saxlamaq olar. Ancaq rəsmi İrəvan ölkənin ipini tamamilə onların əlinə verməməlidir.

Bu sözləri Türkiyənin ölkəmizdəki keçmiş səfiri, İMZA Sosial İnkişafa Dəstək İctimai Birliyinin Türkiyə nümayəndəsi Hulusi Kılıç deyib.

Keçmiş səfirin sözlərinə görə, erməni diasporu öz xalqını vəhşi siyasi ehtiraslarına qurban verib:

“Avropada və dünyanın bir çox yerində erməni diaspor nümayəndələri lüks həyat sürürlər. Ancaq Ermənistanda xalq aclıq və səfalət içərisində yaşayır. Bunu açıq şəkildə vurğulamaq lazımdır ki, vəziyyətin belə acınacaqlı hal almasında erməni diasporunun böyük rolu var. Saxta soyqırım iddiaları erməni diasporunun varlıq səbəbidir. Türkiyəyə qarşı ərazi iddialarına gəldikdə isə onu deyə bilərəm ki, əgər qonşu dövlət kimi ölkəmizlə münasibət qurmaq istəyirsə, İrəvan bundan imtina etməlidir. Çünki həm Azərbaycanın, həm Türkiyənin, həm də Ermənistanın beynəlxalq aləm tərəfindən tanınan sərhədləri var. Ermənistanın torpaq iddiaları, işğalçılıq niyyətləri ona heç nə qazandırmaz. Sülh içində yaşamağın yolu isə bir-birinə hörmətdən keçir”.

Diplomatın sözlərinə görə, Paşinyanın son açıqlamaları onun erməni diasporunun rəsmi İrəvana təsir imkanlarını zəiflətmək istədiyini göstərir:

“Bundan sonra proseslərin necə inkişaf edəcəyinin hamımız şahidi olacağıq. Ancaq diasporla bağlı verilən ilkin açıqlamalar artıq Paşinyanın onlarla Ermənistan dövləti arasında müəyyən bir sərhəd çəkmək, hadisələrə müdaxilə imkanlarını məhdudlaşdırmaq istədiyini göstərir. Əlbəttə, müxalifət yenə Paşinyanı 44 günlük müharibədəki məğlubiyyət üzərindən sıxışdırmağa başlayacaq. Ancaq zamanla yeni iqtisadi imkanlar açıldıqca erməni xalqının da diaspor və Qarabağ klanının birləşərək onları zəlil halına saldığını dərk edəcəyini düşünürəm. Son seçkidə Ermənistan əhalisi Qarabağ klanına yox, Paşinyanın komandasına səs verməklə müharibədən və mənasız iddialardan boğaza yığıldığını göstərdi. Əgər Paşinyanın da verdiyi müsbət açıqlamalar ilə atılan addımlar eyni istiqamətdə olsa, yaxın gələcəkdə bölgədə sülh içində birgəyaşayış üçün daha geniş imkanların yaranacağına ümid edirəm”. // axar.az

13:18 - 26 Yanvar 2022

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin