Vilyam Hacıyev qanunsuz silah saxlamaqda da ittiham olunur

 Vilyam Hacıyev qanunsuz silah saxlamaqda da ittiham olunur

İmişli rayonunun həbsdə olan sabiq icra başçısı Vilyam Hacıyevin daha bir cinayət əməlində təqsirli bilindiyi üzə çıxıb.

Bu barədə Bakı Ağır Cinayətlər Məhkəməsində V.Hacıyevin cinayət işi üzrə keçirilən prosesdə bildirilib.

İttihama aktına görə, Vilyam Hacıyev vəzifə cinayətləri ilə birgə qanunsuz silah saxlamaqda təqsirli bilinib.

Qeyd edək ki, sabiq icra başçısı buna qədər dövlət büdcəsi hesabına inşa edilmiş binalarda rüşvət müqabilində növbəsiz ev vermək, işsiz və aztəminatlı vətəndaşları ictimai işlərə cəlb etməklə maaşlarını mənimsəmək, təmir-tikinti, abadlıq işlərinə ayrılan dövlət vəsaitləri mənimsəmək, tabeçiliyində olan vəzifəli şəxslərdən, sahibkarlardan pul tələb etmək, rəhbər vəzifəyə təyin etdiyi şəxslərdən rüşvət almaq, kənd icra nümayəndələrindən və bələdiyyə sədrlərinə rüşvət qarşılığında himayədarlıq etməkdə təqsirli bilinirdi.

Məhkəmədə V.Hacıyev barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (külli miqdarda rüşvət alma), 313-cü (vəzifə saxtakarlığı) və 228.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddələri ilə yekun ittiham elan olunub.

İclasda vəkillər sabiq başçının ev dustaqlığına buraxılması, proseslərdə onlayn qaydada iştirak etməsi ilə bağlı vəsatət veriblər. Müdafiəçilər bildirib ki, V.Hacıyev bir müddət əvvəl əməliyyat olunub, ağır xəstəlikdən əziyyət çəkir. Məhkəmə qaldırılan vəsatətlərin heç birini təmin etməyib.

Xatırladaq ki, Vilyam Hacıyev 2020-ci ilin may ayında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla həbs edilib.//qafqazinfo

17:55 - 24 Yanvar 2022

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin