Nazir açıqladı: 2030-cu ilədək 25 minə çatdırılması hədəflənir...

 Nazir açıqladı: 2030-cu ilədək 25 minə çatdırılması hədəflənir...

Təhlillər göstərir ki, süni intellekt daha çox ali təhsil və akademik təhsil tələb edən peşələrə təsir göstərəcək. Peşə təhsilinə isə elə də ciddi təsir etmir və bu o deməkdir ki, peşə təhsilinə olan tələb daha uzun müddət davam edəcək.

Asayis.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev “Peşə Təhsili Forumu 2026” çərçivəsində keçirilən “Dəyişən iqtisadiyyat, dəyişən bacarıqlar: Gələcəyin insan kapitalının yetişdirilməsi” panel müzakirəsində sualları cavablandırarkən bildirib.

O qeyd edib ki, vacib olan məqam işəgötürənlərin tələblərinə cavab verən işçi qüvvəsinin əmək bazarına daxil olmasıdır. Peşə təhsili sistemimizin yekun benefisiarı əmək bazarıdır. Ona görə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi olaraq peşə təhsilinin inkişaf istiqamətlərini, o cümlədən nazirliyin həyata keçirdiyi peşə hazırlığının inkişafını peşə təhsili və peşə hazırlığı proqramlarının beynəlxalq əmək bazarının tələb və standartlarına uyğunlaşdırılmasında görürük.

Şəxsin peşəkar inkişafının daha çox onun bacarıqlarının təkmilləşməsi ilə bağlı olduğunu qeyd edən nazir beynəlxalq əmək bazarının tələblərinə uyğun peşə və kvalifikasiya standartlarının hazırlanması prosesinin aparıldığını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən artıq mindən çox peşə və kvalifikasiya standartının hazırlandığını və nazirliyin reyestrinə daxil edildiyini diqqətə çatdırıb.

Anar Əliyev bildirib ki, Nazirliyin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən il ərzində 500 minə yaxın işsiz və işaxtaran şəxslə iş aparılır. Bu işin mühüm hissəsini əmək bazarının tələblərinə uyğun bilik və bacarıqların işçi qüvvəsinə öyrədilməsi, işçi qüvvəsinin bilik və bacarıqlarının artırılması və işəgötürənlərlə bu şəxslərin əlaqələndirilməsi təşkil edir. Peşəyönümü məsləhət xidməti də bu istiqamətdə olduqca vacib vasitədir. Uşaqlarımız, şagirdlərimiz daha erkən yaşlardan gələcəkdə hansı istiqamətdə çalışa biləcəklərini, əmək bazarında hansı sahələrdə fəaliyyət göstərə biləcəklərini bilməlidirlər.

Nazirlik tərəfindən hər il təxminən 18–20 min şəxsin peşə hazırlığı kurslarına cəlb edildiyini deyən Anar Əliyev 2019-cu ildən peşə hazırlığında adambaşına maliyyələşmə mexanizminə keçildiyini, bunun nəticəsi olaraq peşə hazırlığı sahəsində özəl sektorla əməkdaşlığın genişləndiyini vurğulayıb. O, peşə hazırlığına cəlb olunan şəxslərin sayının 2030-cu ilədək hər il 25 minə çatdırılmasının hədəfləndiyini qeyd edib.

Nazir 2017-ci ildən Azərbaycanda qeyri-formal məşğulluğun azaldılması istiqamətində sistemli və davamlı tədbirlərin həyata keçirildiyini qeyd edib. Bildirib ki, bu tədbirlər nəticəsində ölkədə əmək müqavilələrinin sayı 600 minə yaxın artıb. Bu, təxminən 46–47 faiz artım deməkdir. Eyni zamanda, əməkhaqqı fondu üç dəfədən çox artıb.

Anar Əliyev formal məşğulluğun səviyyəsinin artmasının işçi qüvvəsinin bilik və bacarıqlarının artırılması üçün də yeni imkanlar yaratdığını, əmək müqaviləsi bağlanan işçilərin bilik və bacarıqlarının artırılması üçün də işəgötürənlər tərəfindən müəyyən işlərin aparıldığını deyib.

O, işğaldan azad edilmiş ərazilərdə məşğulluğun təminatının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin başlıca fəaliyyət istiqamətlərindən olduğunu, Qarabağ və Şərqi Zəngəzurda fəaliyyət göstərən işəgötürənlərlə nazirlikdə mütəmadi görüşlərin keçirildiyini deyib. Qeyd edib ki, bu əməkdaşlıq çərçivəsində həmin işəgötürənlərdəki vakansiyalara uyğun işçi qüvvəsinin işlə təminatı həyata keçirilir, həmçinin həmin vakansiyalar üzrə tələb olunan bilik və bacarıqların işçi qüvvəsinə öyrədilməsi üçün peşə kursları təşkil olunur.

16:00 - 18 Noyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin