Gənc və ya orta yaşlı bir insan qəfil vəfat edəndə yaxınları tez-tez eyni sualı verirlər: “Axı ürəyindən heç şikayəti yox idi, bu necə baş verdi?” Bəzən insan gündəlik həyatında müəyyən dəyişikliklər hiss edir, amma onları yorğunluqla, yuxusuzluqla əlaqələndirir. Bəzən də əvvəlcədən heç bir əlamət olmur.
Hansı şikayətlərə diqqət yetirməliyik? Nə vaxt həkimə müraciət etmək, nə vaxt dərhal təcili yardım çağırmaq lazımdır?
Lent.az-ın suallarını kardioloq Oktay Musayev cavablandırıb.
Oktay həkim, gündəlik danışıqda tez-tez “ürək tutması” ifadəsini eşidirik. İnfarktla qəfil ürək dayanması arasında nə fərq var?
- Gəlin əvvəlcə infarkt zamanı nə baş verdiyinə baxaq. Ürəyin özü də işləmək üçün qana və oksigenə ehtiyac duyur. Onu qanla təmin edən damarlara koronar damarlar deyirik. Bu damarlardan biri qəfil tutulanda ürək əzələsinin bir hissəsinə kifayət qədər qan çatmır və həmin hissə zədələnməyə başlayır. Buna tibbdə miokard infarktı deyirik. İnfarkt keçirən insanın ürəyi çox vaxt döyünməyə davam edir. Huşu yerində ola bilər, sinəsində nə hiss etdiyini deyə, kömək istəyə bilər.
Qəfil ürək dayanmasında isə ürək qanı bədənə vura bilmir. Bunun səbəblərindən biri ürək ritminin ağır pozulmasıdır. Məsələn, ürəyin mədəcikləri nizamlı yığılmaq əvəzinə nizamsız titrəməyə başlayır. Belə olanda beyinə qan çatmır, insan saniyələr içində huşunu itirir və normal nəfəs almır.
Bu iki vəziyyət bir-biri ilə əlaqəli ola bilər. Bəzən infarkt zamanı ürəyin ritmi pozulur və ürək dayanır. Amma hər infarkt belə nəticələnmir. Qəfil ürək dayanması infarkt olmadan da baş verə bilər.
- Hansı əlamətlər infarktdan şübhələnməyə əsas verir? Nə vaxt təcili yardım çağırmaq lazımdır?
- Ən çox rast gəldiyimiz əlamət sinənin ortasında, döş sümüyünün arxasında yaranan sıxılma, ağırlıq və ya ağrıdır. Bəziləri bunu “elə bil sinəmin üstünə ağır bir şey qoyublar” sözləri ilə təsvir edir. Bəziləri isə sinəsində yanğı hiss etdiyini deyir. Bu hiss bir neçə dəqiqədən uzun çəkə, azalıb yenidən qayıda bilər. Ağrı çiyinə, sol qola, bəzən hər iki qola, kürəyə, boyuna və ya çənəyə yayıla bilər. İnsanı soyuq tər basa, ürəyi bulana, nəfəsi darala bilər. Bəzən güclü narahatlıq və qorxu hissi də yaranır.
İnfarkt həmişə şiddətli ağrı ilə başlamır. Qadınlarda da ən çox rast gəlinən əlamət sinədə ağrı və ya narahatlıqdır. Amma bəzən nəfəs darlığı, ürəkbulanma və qeyri-adi yorğunluq daha çox nəzərə çarpır. Şəkərli diabeti olan insanlarda isə sinə ağrısı zəif ola, hətta heç hiss edilməyə bilər.
Sinənizdə yeni başlayan, davam edən və ya keçib yenidən qayıdan sıxılma varsa, dərhal 103-ə zəng edin. Xüsusilə də sizi soyuq tər basıbsa və ya nəfəsiniz daralırsa, “bir az gözləyim, bəlkə keçər” deməyin. Təcili yardım çağırmaq üçün bütün əlamətlərin bir yerdə olmasını gözləmək lazım deyil.
- Bəs infarktdan əvvəl gündəlik həyatda insanın diqqətini çəkə biləcək əlamətlər olurmu?
- Bəzən olur. İnsan bunu çox vaxt gündəlik işlərini görərkən hiss edir. Məsələn, hər gün eyni pilləkənlə evinizə qalxırsınız. Əvvəllər rahat qalxırdınız, indi isə ikinci mərtəbədə sinəniz sıxıldığı üçün dayanmalı olursunuz. Bir az dincələndə sıxılma keçir və yolunuza davam edirsiniz. Yaxud əvvəllər rahat getdiyiniz yolu indi bir qədər sürətlə yeriyəndə nəfəsiniz daralır. Sinədə sıxılma güclü həyəcan və ya əsəbilik zamanı da yarana bilər.
Hərəkət zamanı yaranan və dincələndə keçən sinə sıxılması ürəyi qidalandıran damarlarda daralmanın əlaməti ola bilər. Belə şikayətlər bir müddət təkrarlana bilər. Ona görə də “dayananda keçir” deyib həkimə müraciəti gecikdirməyin.
Son vaxtlar özünüzü həmişəkindən daha yorğun hiss edirsinizsə və bunun səbəbini izah edə bilmirsinizsə, buna da fikir verin. Xüsusilə nəfəsiniz daralırsa, ürəyiniz sürətlə və ya nizamsız döyünürsə, başınız gicəllənirsə, bunu həkimə deyin. Fiziki fəaliyyət zamanı huşun itirilməsi isə ayrıca diqqət tələb edir.
Bəzi insanlarda ürək damarları illər ərzində tədricən daralır və insan bunu hiss etmir. Ona görə də yaxınları “heç bir şikayəti yox idi” deyəndə, həqiqətən də belə ola bilər. Təəssüf ki, bəzən xəstəlik ilk dəfə infarkt və ya qəfil ürək dayanması ilə özünü göstərir.
- Xüsusilə gəncləri və ailələrini narahat edən bir sual var. Qəfil ürək ölümü riskini əvvəlcədən öyrənmək mümkündürmü?
- Heç bir müayinə gələcəkdə kimin belə bir hadisə ilə üzləşəcəyini dəqiq deməyə imkan vermir. Amma insanın hansı şikayətlərinin olduğunu, ailəsində kimlərin ürək xəstəliyi keçirdiyini öyrənəndə və müayinənin nəticələrinə baxanda riski qiymətləndirə bilirik.
Məsələn, gənc bir insan futbol oynayarkən və ya qaçarkən huşunu itiribsə, az sonra özünə gəlib özünü yaxşı hiss etsə belə, bunun səbəbi araşdırılmalıdır. Yaxud ürəyi qəfil sürətlə döyünməyə başlayanda başı gicəllənir, gözləri qaralırsa, bunu həkimə olduğu kimi danışmalıdır. Anası, atası, bacısı və ya qardaşı gənc yaşda infarkt keçiribsə, yaxud ailədə gənc yaşda səbəbi aydınlaşdırılmamış qəfil ölüm olubsa, bu da həkim üçün vacib məlumatdır.
İnsanlar tez-tez “Mən neçə yaşımda müayinəyə gedim?” deyə soruşurlar. Mən tövsiyə edərdim ki, qan təzyiqinizi və xolesterin səviyyənizi öyrənmək üçün 40 yaşınızı gözləməyəsiniz. Bunlara iyirmili yaşlardan diqqət yetirmək olar. Siqaret çəkirsinizsə, şəkərli diabetiniz varsa və ya ailənizdə erkən yaşda ürək xəstəliyi olubsa, bu, xüsusilə vacibdir. Artıq 40 yaşınız varsa və indiyə qədər bu göstəriciləri yoxlatmamısınızsa, özünüzü yaxşı hiss etsəniz belə, həkiminizlə danışın. Hansı müayinəyə ehtiyacınız olduğunu və onu nə vaxt təkrarlamağın lazım gəldiyini həkiminiz sizinlə birlikdə müəyyən edə bilər.
- Tutaq ki, yanımızda bir insan qəfil yıxıldı. İlk dəqiqələrdə ona necə kömək edə bilərik?
- Əvvəlcə ona səslənin, çiyninə yüngülcə toxunun. Cavab vermirsə, dərhal təcili yardıma zəng edin. Yanınızda başqa biri varsa, ondan təcili yardım çağırmasını istəyin. Təksinizsə, telefonu səsgücləndiriciyə qoyun ki, yardım göstərərkən operatorun dediklərini eşidə biləsiniz.
Huşunu itirən insan normal nəfəs almırsa və ya yalnız arabir xırıltı ilə nəfəs almağa çalışırsa, nəbzini axtarmaqla vaxt itirməyin. Dərhal sinə basqılarına başlayın. Yetkin insana kömək edərkən bir əlinizin ovucunun alt hissəsini sinənin ortasına, o biri əlinizi də onun üstünə qoyun. Qollarınızı düz saxlayaraq sinəni dəqiqədə 80-90 dəfə, 5-6 santimetr dərinliyə basın. Hər basqıdan sonra sinənin əvvəlki vəziyyətinə qayıtmasına imkan verin. Süni nəfəs verməyi öyrənməmisinizsə, sinə basqılarını davam etdirin.
Təcili yardım heyəti sizi əvəz edənədək və ya insan özünə gəlib normal nəfəs almağa başlayanadək sinə basqılarını mümkün qədər az fasilə ilə davam etdirin.
- Bir kardioloq kimi oxucularımıza ürəklərini qorumaq üçün nə tövsiyə edərdiniz?
- İlk növbədə, qan təzyiqinizi mütəmadi ölçdürün. Yüksək təzyiq illərlə baş ağrısı, halsızlıq və ya başqa bir narahatlıq yaratmadan ürəyə və damarlara zərər verə bilər. Xolesterin səviyyənizi də bilin. El arasında “pis xolesterin” kimi tanınan LDL xolesterinin səviyyəsi yüksək olduqda zamanla damarların divarında yığıntılar əmələ gələ bilər. Buna gənc yaşlarda da rast gəlirik. Şəkərli diabetiniz varsa, qan şəkərinizə nəzarət edin və ürək sağlamlığınızı həkiminizlə mütəmadi müzakirə edin.
Siqaret çəkirsinizsə, onu tərgitmək ürəyiniz üçün ata biləcəyiniz ən vacib addımlardan biridir. Siqaret həm damarların zədələnməsini sürətləndirir, həm də damarda laxta yaranması riskini artırır. Elektron siqareti də ürək üçün təhlükəsiz hesab etməyin.
Hərəkətə gündəlik həyatınızda yer ayırın. Bunun üçün mütləq idman zalına getmək lazım deyil. Əksər böyüklər üçün həftədə ən azı 150 dəqiqə orta intensivlikli fiziki fəaliyyət yaxşı hədəfdir. Məsələn, həftənin beş günü yarım saat bir qədər sürətli addımlarla gəzmək olar. Uzun müddət hərəkətsiz olmusunuzsa, qısa gəzintilərlə başlayıb məsafəni tədricən artırın. Ürək-damar riskiniz yüksəkdirsə və daha intensiv məşqə başlamaq istəyirsinizsə, əvvəlcə bunu həkiminizlə müzakirə edin.
Qidalanmağınıza diqqət etdiyiniz kimi, yuxunuza və istirahətinizə də vaxt ayırın. Davamlı gərginlik və yuxu çatışmazlığı ürək sağlamlığına təsir göstərə bilər. Yaxınlarınız gecələr bərk xoruldadığınızı, hətta bəzən yuxuda nəfəsinizin dayandığını deyirlərsə, bunu da həkimə bildirin. Bu, yuxu apnesi adlanan problemin əlaməti ola bilər.
İnsan bəzən “hələ gəncəm” deyib hiss etdiklərinə əhəmiyyət vermir, bəzən də “yaşım artıb, belə olmalıdır” deyib şikayəti ilə barışır. Halbuki dünən rahat gördüyünüz bir işi bu gün sinəniz sıxıldığı və ya nəfəsiniz daraldığı üçün yarımçıq qoyursunuzsa, səbəbini öyrənmək vacibdir. Heç bir şikayətiniz olmayanda da təzyiqinizi, xolesterin səviyyənizi və ailənizdə hansı ürək xəstəliklərinin olduğunu bilmək sağlamlığınızla bağlı vaxtında qərar verməyə kömək edir.
Ürəyinizi qorumaq üçün onun sizə ağrı ilə xəbərdarlıq etməsini gözləməyin.
