Azərbaycanda taksilərlə bağlı gözlənilən qərar - 18 manat…

 Azərbaycanda taksilərlə bağlı gözlənilən qərar - 18 manat…

2027-ci ildən taksi sürücüləri üçün yeni vergi qaydası tətbiq olunacaq. Yeni dəyişikliklə sürücülər sabit 18 manat deyil, aylıq dövriyyələrinin 1 faizi həcmində vergi ödəyəcəklər. Verginin hesablanması və ödənilməsi isə taksi operatorları tərəfindən həyata keçiriləcək.

Yeni qayda taksi sürücülərinin gəlirlərinə, gedişhaqlarına və nəticədə sərnişinlərin xərclərinə necə təsir edəcək?

Asayis.az xəbər verir ki, nəqliyyat eksperti Elməddin Muradlı Globalinfo.az-a açıqlamasında burada sadə formul olduğunu bildirib:

“Yeni layihədən görünür ki, çox qazanan 18 manat, az qazanan isə daha az ödəyəcək. Elə sürücü var, məsələn, 8, 10, 15 manat ödəyə bilər. Çünki bu hesablaşma onun gəlirinə uyğun aparılacaq.

Taksi operatorları ilə Dövlət Vergi Xidməti arasında bu məsələlər yəqin ki, müzakirə olunub. Standart məlumdur: taksi sürücüləri aşağı və yuxarı həddə nə qədər qazanırlar? Ən aşağı məbləğ nə qədərdir, ən yuxarı nə qədərdir? Yəqin ki, buna uyğun olaraq orta rəqəm götürülüb: 1 faiz. Bu da ümumilikdə o deməkdir ki, istənilən halda taksi sürücüsünün ödəyəcəyi məbləğ aylıq 18 manatı keçməyəcək. Amma az qazananlar artıq 18 manat ödəməyəcəklər. Bax, bu, həmin insanlar üçün faydalı olacaq.

Açığı, bilmirəm, az qazanan sürücülərin sayı nə qədərdir. Sürücülər buna görə 18 manatlıq ödəniş səbəbindən daha az qazanmağa çalışacaqlar, yoxsa daha çox qazanmağa çalışacaqlar ki, yenə də son həddə 18 manat ödəsinlər? Hər halda, mən istəməzdim ki, əlavə vergi yükü onları narahat etsin”.

14:28 - 12 Noyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin