Büdcəyə bu vergidən daxilolmalar azalacaq

 Büdcəyə bu vergidən daxilolmalar azalacaq

Azərbaycanda 2027-ci ildə Dövlət Vergi Xidmətinin xətti ilə yol vergisindən dövlət büdcəsinə daxilolmaların azalacağı proqnozlaşdırılır.

Asayis.az Oxu.az-a istinadən xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" Qanun layihəsində əksini tapıb.

Sənədə əsasən, 2027-ci ildə Dövlət Vergi Xidmətinin xətti ilə yol vergisi üzrə büdcəyə 307 milyon manat daxilolma nəzərdə tutulur.

Bu, 2026-cı ilin proqnozu ilə müqayisədə 27.4 milyon manat və ya 8.2 faiz azdır.

Bununla belə, 2027-ci il üçün proqnozlaşdırılan məbləğ 2025-ci ilin faktiki göstəricisindən 218.8 milyon manat və ya 3.5 dəfə çoxdur.

Sənəddə 2025-ci illə müqayisədə qeydə alınan kəskin artımın səbəbi kimi qanunvericiliyə edilən struktur xarakterli dəyişikliklər göstərilir.

Belə ki, yol vergisinin dərəcəsi artırılıb, ölkə daxilində istehsal olunaraq daxili istehlaka yönəldilən və idxal edilən neft məhsullarına tətbiq olunan icbari tibbi sığorta haqqı ləğv edilərək həmin daxilolmalar yol vergisinin tərkibinə daxil olunub.

20:56 - 4 Noyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin