Oktyabrın 2-də Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib.
Bu barədə Asayis.az-a Azərbaycan Dillər Universitetindən məlumat verilib.
Məlumata görə, “Kitabi-Dədə Qorqud” türk xalqlarının mədəni irsi və dünya eposları kontekstində” mövzusunda beynəlxalq elmi simpozium Azərbaycanın Almaniyadakı Səfirliyinin, Azərbaycan Dillər Universitetinin (ADU) və Drezden Milli Kitabxanasının (SLUB) birgə təşkilatçılığı, eləcə də Səfirliyin və Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə Drezden Milli Kitabxanasında baş tutub.
Tədbirdə Azərbaycan, Almaniya, Türkiyə və İtaliyadan olan tanınmış alimlər, tədqiqatçılar, mədəniyyətşünaslar, həmçinin diaspor nümayəndələri iştirak ediblər.
Drezden Milli Kitabxanasının (SLUB) baş direktoru xanım Katrin Ştump artıq Drezdendə eposa həsr olunmuş üçüncü beynəlxalq simpoziumun keçirilməsindən məmnunluğunu ifadə edib. O, orijinal əlyazmanın Basatın Təpəgözü məğlub etdiyi boyun açılış səhifəsi ilə vitrində nümayiş olunduğunu və eyni zamanda, iştirakçıların tanışlığı üçün faksimile nüsxəsinin hazırlandığını diqqətə çatdırıb.
Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev çıxışında eposun 2018-ci ildə UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısına daxil edildiyini xatırladaraq, mədəni irsin təkcə keçmişi yaşatmadığını, bu gün də xalqlar arasında möhkəm körpülər saldığını bildirib.
Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla çıxışında alman şərqşünaslığının Şərq mədəniyyətinə humanist münasibətini xüsusi qeyd edərək, bu ensiklopedik abidənin Drezdendə böyük diqqət və mərhəmətlə mühafizə edilməsini yüksək dəyərləndirib.
Eposun alman dilində ilk nəşrinin 200 illik yubileyinin Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə 2015-ci ildə dövlət səviyyəsində qeyd olunduğunu vurğulayan akademik bildirib ki, bu Azərbaycanın mədəni irsin qorunmasına və beynəlxalq elmi əməyə verilən ali qiymətin təzahürüdür. Dastanın ruhunun və qədim abidənin onun qələmə alındığı dövrdən xeyli əvvələ dayandığını vurğulayan Kamal Abdulla Drezden nüsxəsinin faksimile nəşrinin təqdimatını mühüm elmi hadisə adlandırıb.
Akademik Kamal Abdulla qeyd edib ki, Drezden nüsxəsinin elmi dövriyyəyə daxil edilməsi “Kitabi-Dədə Qorqud”un tədqiqi baxımından yeni imkanlar yaradır. Onun sözlərinə görə, bu nüsxənin öyrənilməsi dastanın mətninin, dil və üslub xüsusiyyətlərinin, eləcə də eposun tarixi-mədəni kontekstinin daha dərindən araşdırılmasına imkan verir.
Rektor “Kitabi-Dədə Qorqud”un Azərbaycan, Almaniya və ümumilikdə Avropa elmi mühitində araşdırılmasının əhəmiyyətinə toxunaraq, bu istiqamətdə alimlər və elmi-tədqiqat müəssisələri arasında əməkdaşlığın genişləndirilməsinin vacibliyini bildirib.
Sonra “Kitabi-Dədə Qorqud dastanının faksimile nəşrinin təqdimatı olub. Dastanın faksimile nəşrinin yüksək keyfiyyətdə çap olunmasının Dədə Qorqud irsinin araşdırılmasına yeni imkan qazandıracağı söylənilib.
Açılış nitqlərindən sonra simpozium işini panel sessiyalarla davam etdirib.
Qeyd edək ki, Drezden Milli Kitabxanasının Xüsusi Kolleksiyalar və Nadir Əlyazmalar Fondunda saxlanılan “Kitabi-Dədə Qorqud” nüsxəsi dastanın dünyada məlum olan yeganə tam, 12 boyluq əlyazmasıdır. XVI əsrə aid edilən bu unikal nüsxə 1784-1790-cı illərdə Prussiya Krallığının İstanbuldakı səfiri, şərqşünas Henrix Fridrix fon Dits tərəfindən kəşf olunub və 1815-ci ildə Drezden Kral Kitabxanasına təqdim edilib.
Fon Dits əlyazmadakı “Təpəgöz” boyunu alman dilinə tərcümə edərək, Dədə Qorqud boylarının Homerin “Odisseya”sı kimi nəhəng kəlamları ilə eyni tarixi və ədəbi çəkiyə malik olduğunu dünya elminə bəyan edib.
Nəsx xətti ilə köçürülən 308 səhifəlik bu nüsxədə boyların adları, Dədə Qorqudun söylədiyi dualar və hikmətli kəlamlar xüsusi olaraq qırmızı mürəkkəblə yazılıb. Mətndə yer alan Göyçə, Gəncə, Dərbənd, Əlincə kimi coğrafi adlar isə eposun birbaşa Azərbaycan torpaqları ilə bağlılığını bir daha sübut edir.
