Oktyabrın 2-də Yeni Azərbaycan Partiyasının VIII Qurultayı keçirildi. Qurultay Azərbaycanın suverenliyinin tam bərpasından sonrakı dövrə təsadüf etmiş oldu. Qurultayda partiyanın İdarə Heyətinin yeni tərkibi də müəyyənləşdi, 40 nəfərdən ibarət İdarə Heyəti yekdilliklə təsdiqləndi. Əvvəlki tərkibin siyahısından 5 nəfər çıxarıldı, onların yerinə 5 yeni ad daxil edildi - İdarə Heyətinin əvvəlki tərkibində yer alan Vasif Talıbov, Cavid Osmanov, Elşad Mirbəşir, Ramin Məmmədov və Rövşən Bayramov yeni siyahıya düşmədilər. Onların əvəzinə isə başqa funksionerlər İdarə Heyətinə daxil edildilər.
V.Talıbov, C.Osmanov, E.Mirbəşir və R.Bayramovun yeni İdarə Heyətində yer almaması gözlənilən dəyişiklik kimi qiymətləndirilə bilər. Lakin Ramin Məmmədovun siyahıdan çıxarılması eyni məntiqlə izah oluna bilməz. Üstəlik, məsələ yalnız onun İdarə Heyətindən çıxarılması ilə bitmir. R.Məmmədov hətta VIII Qurultaya nümayəndə seçilməyib. Deməli, məsələ daha ciddidir. Təbii olaraq sual yaranır: nə baş verib ki, R.Məmmədov kənarda saxlanılıb?
Ramin Məmmədov hazırda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədridir. O, 2024-cü ilin aprelində bu vəzifəyə təyin edilib və fəaliyyətini davam etdirir.
YAP İdarə Heyətinin 40 nəfərdən ibarət olan yeni tərkibində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovanın adı da var. Deməli, məsələ sadəcə “komitə sədrləri YAP İdarə Heyətinə daxil edilmir” kontekstində şərh oluna bilməz. Çünki belə bir prinsip olsaydı, B.Muradovanın da adı yeni tərkibdə olmamalı idi. Yəni dövlət komitəsinə rəhbərlik etmək YAP İdarə Heyətində təmsil olunmaq üçün hüquqi maneə deyil. Elə isə R.Məmmədovun vəziyyətini fərqləndirən nədir? Deməli, söhbət adi kadr dəyişikliklərindən deyil, konkret siyasi qərardan gedir. R.Məmmədovun həm İdarə Heyətindən çıxarılması, həm də qurultaya nümayəndə seçilməməsi bu qərarın ayrıca diqqətə alınmasını tələb edir.
R.Məmmədovun hakim partiyanın rəhbər strukturundan kənarlaşdırılması onun ardıcıl şəkildə siyasi səhvlərə yolverməsi ilə bağlıdır. Komitə sədri vəzifəsinə təyin olunandan sonra onun qeyri-adi şəkildə vəzifə eyforiyasına qapıldığı bildirilir. Hakim komandada və dövlət aparatında R.Məmmədova qarşı etimadsızlığın yaranmasının əsas səbəblərindən biri onun özündən əvvəlki sədr Mübariz Qurbanlının fəaliyyəti ilə bağlı yoxlama həyata keçirməsidir. Şübhəsiz ki, Mübariz Qurbanlı da digər məmurlar kimi büdcə pullarını oğurlamaqla varlanıb. Lakin burada məsələ tamam başqadır. R.Məmmədovun siyasi yüksəlişində, YAP daxilində böyüməsində M.Qurbanlının böyük rolu olub.
Buna baxmayaraq, sonradan R.Məmmədovun məhz onun fəaliyyətinin araşdırılmasına təşəbbüs göstərməsi hakim komanda daxilində nankorluq kimi qiymətləndirilib.
R.Məmmədovun özü də uzun illər müxtəlif maliyyə maxinasiyalarının içərisində olmaqda ittiham edilib. Bu baxımdan, özündən əvvəlki sədrin fəaliyyətini yoxlatdırması hüquqi və mənəvi baxımdan ziddiyyətli görünür. Siyasi hakimiyyət daxilində bu addımın necə qəbul edildiyini də məhz bu kontekstdə qiymətləndirmək lazımdır.
Mən R.Məmmədovu YAP-dan tanıyıram. Tanıyanlar bilirlər ki, o, YAP-da daha çox yaltaq adam kimi məşhurlaşıb.
Əldə etdiyim məlumatlar da onu deməyə əsas verir ki, R.Məmmədovun YAP İdarə Heyətindəki mövqeyini itirməsinin əsas səbəbi son dövrlərdə yol verdiyi ciddi səhvlər, hakim siyasi komandaya münasibətdə nümayiş etdirdiyi təkəbbür və vəzifə eyforiyasına qapılmasıdır. Onun Komitə sədri vəzifəsinə təyinatından sonra radikal dönüş edərək, vaxtilə yaltaqlandığı adamlardan üz döndərməsi, vəzifə eyforiyasına qapılması, xüsusi təkəbbür nümayiş etdirməsi və hazırkı karyeraya sahib olmasına dəstək olan şəxslərə qarşı etinasızlığı İdarə Heyətindən qovulmasının əsas səbəbləri sırasındadır.
Daha konkret şəkildə ifadə etsək, yaltaqlaq üzrə ixtisaslaşan, daha çox məhz bu keyfiyyətinə görə yüksək vəzifəyə təyin olunan R.Məmmədov bu dəfə yaltaqlanmadığına görə etimaddan kənarda saxlanılıb. Məntiq izah edir ki, partiyada onu başqa cür təsəvvür edə bilmirlər. Bu yaltaqlıq o həddə çatıb ki, R.Məmmədovun siyasi portreti uzun müddət məhz bu xüsusiyyət üzərində formalaşıb.
R.Məmmədovun siyasi yüksəlişinin əvvəlki mərhələsinə nəzər salanda onun Diasporla İş üzrə Dövlət Komitəsinin sabiq sədri Nazim İbrahimovun əsas adamlarından biri kimi önə çıxdığını görürük. İbrahimov-Məmmədov cütlüyünün Diaspora Komitəsində yaratdığı iyrənc mühit barədə isə danışmağa dəyməz. Sonrakı mərhələdə isə onun hakim komanda daxilində qorunması və önə çəkilməsi Əli Əhmədov və Ramiz Mehdiyevin dəstəyi ilə mümkün olub.
R.Məmmədov 2023-cü ildə Qarabağın erməni sakinlərinin nümayəndələri ilə Azərbaycan arasında aparılan təmas və müzakirələrdə əsas rəsmi simalardan biri olub. Əslində onun “vəzifə başgicəllənməsi” məhz bu dövrdən start götürüb. Ətrafındakı insanlara tezliklə Qərbi Azərbaycan İcmasının sədri olacağını da deyirdi.
O, başa düşmür ki, vaxtilə yuxuda gördüyü, əlçatmaz hesab etdiyi şəxslərlə bu gün telefonda danışması, görüşməsi və eyni masada oturması onun şəxsi keyfiyyətləri ilə deyil, daşıdığı vəzifə ilə bağlıdır. Amma bütün bunlar onda öz siyasi çəkisinin daha böyük olduğu qənaəti yaradıb.
