2026-2027-ci tədris ilində bir neçə dərslik yenilənmiş məzmunda tədris prosesində istifadə olunacaq.
Asayis.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.
Belə ki, yeni tədris ilində IV siniflər üçün "Həyat bilgisi", VII siniflər üçün "Azərbaycan dili" ,"Riyaziyyat", "İngilis dili", "Azərbaycan tarixi", VIII siniflər üçün "Coğrafiya", IX siniflər üçün "Biologiya", "Fizika" və digər dərsliklər yenilənmiş məzmunda tədris prosesində istifadə olunacaq.
Yenilənmiş dərsliklərin hazırlanmasında əsas məqsəd şagirdlərdə yalnız nəzəri biliklərin formalaşdırılması deyil, eyni zamanda həmin biliklərin real həyat situasiyalarında tətbiqi, problem həll etmə, tədqiqat aparma, tənqidi və yaradıcı düşünmə bacarıqlarının inkişaf etdirilməsidir.
Eyni zamanda yeni nəşrlərdə oxu, riyazi və elmi savadlılığın inkişafına xidmət edən tapşırıqların sayı artırılmış, maliyyə savadlılığı, ekoloji məsuliyyət, rəqəmsal bacarıqlar, media və informasiya savadlılığı, kibertəhlükəsizlik kimi müasir və aktual məlumatlar məzmuna daha sistemli şəkildə inteqrasiya edilib.
