Bu il Azərbaycanda yay istiləri əvvəlki illərlə müqayisədə daha gec hiss olundu. Hətta iyun ayı, demək olar, sərin və yağışlı keçdi. Bildirilir ki, belə olduğu halda yay mövsümü oktyabra qədər uzana bilər.
Yay mövsümü uzanacaqmı? Yaxın aylarda hava durumu necə olacaq?
Asayis.az xəbər verir ki, Globalinfo.az-a danışan “Səma və Eko” Sosial İqtisadi İnkişafa Yardım İctimai Birliyinin sədri, ekoloq İradə Həsənova adətən iyun ayından etibarən müşahidə olunan güclü istilərin bu dəfə gecikdiyini bildirib.
“Ayrı-ayrı aylarda havanın qeyri-adi keçməsi iqlim sistemində baş verən dəyişikliklərlə bağlıdır. Son illərdə qlobal iqlim dəyişikliyi nəticəsində fəsillərin başlanğıc və bitmə tarixlərində müəyyən sürüşmələr sezilir. Bu isə yay mövsümünün bəzi illərdə daha gec başlayaraq sentyabrın sonu, hətta oktyabrın ilk günlərinə qədər davam etməsi ehtimalını artırır. Lakin bunu indidən dəqiq proqnoz kimi qəbul etmək düzgün olmaz.
Avqust ayının ən isti dövr olması gözlənilir. Xüsusilə Aran rayonlarında və Abşeron yarımadasında havanın temperaturunun iqlim normasından yüksək olacağı, bəzi günlərdə 40 dərəcəyə yaxınlaşa biləcəyi ehtimal edilir. Bununla yanaşı, dağlıq və dağətəyi rayonlarda qısamüddətli leysan yağışları, şimşək, eləcə də dolu halları istisna edilmir”, - o qeyd edib.
Ekoloq bildirib ki, sentyabr ayında da havanın temperaturu normadan yüksək qala bilər:
“Bu səbəbdən isti hava şəraitinin payızın ilk həftələrində də davam etməsi mümkündür. Lakin oktyabr ayının necə keçəcəyini indidən yüksək dəqiqliklə söyləmək elmi baxımdan mümkün deyil”.
Ekspertin sözlərinə görə, son illərdə təkcə temperatur deyil, yağıntıların paylanması da dəyişib:
“Bir neçə həftə quraqlıq müşahidə olunduqdan sonra qısa müddətdə intensiv yağışların yağması, dolu və sel hadisələrinin baş verməsi artıq daha tez-tez rast gəlinən hallardandır. Bu dəyişikliklər kənd təsərrüfatına, su ehtiyatlarına və insanların gündəlik həyatına da təsir göstərir. Belə nəticəyə gəlmək olar ki, bu il yayın gec hiss olunması onun müəyyən qədər uzanacağı ehtimalını artırsa da, “yay mütləq oktyabra qədər davam edəcək” demək hələlik elmi əsaslandırılmış proqnoz deyil. Qarşıdakı aylarda isti hava dalğalarının davam etməsi mümkündür və vətəndaşların rəsmi meteoroloji proqnozları mütəmadi izləmələri tövsiyə olunur”.
